Vəsatət dörd vəkil adından 10-cu İstanbul Cinayət Məhkəməsinə verilib
Həbsdə olan İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun vəkilləri onun həbsdən azad edilməsi üçün apellyasiya şikayəti veriblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Halk” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, vəsatət dörd vəkil adından 10-cu İstanbul Cinayət Məhkəməsinə verilib. İmamoğlunun həbsə alındıqdan sonra iki həftə ərzində həbs qərarından apellyasiya şikayəti vermək hüququ var. Birinci instansiya məhkəməsi şikayəti təmin etmədikdə, vəkillər yuxarı instansiya məhkəmələrinə, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Müraciətdə “İmamoğlunun barəsində həbs qətimkan tədbirinin qanunla qadağan olunmuş üsullarla aparılan araşdırmalardan sonra qəbul edildiyi” və “həbsin qanunsuz olduğu” bildirilib. Bundan əlavə, müdafiə tərəfi qeyd edib ki, məhkəmənin İmamoğlunun ehtimal olunan qaçmaq niyyəti ilə bağlı şübhəsi “əsassızdır” və belə bir risk mövcud deyil.
İmamoğlu martın 19-da korrupsiya və terrorçularla əlaqədə ittiham olunaraq saxlanılıb və martın 23-də təkcə korrupsiya işi ilə bağlı məhkəmənin qərarı ilə həbs edilib.