Cinayət işində 105 təqsirləndirilən şəxs, 400-dən çox şahid iştirak edir
İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) həbsdə olan başqanı Əkrəm İmamoğlunun korrupsiya ittihamları ilə məhkəməsi 9 mart 2026-cı ildə başlayacaq və 12 il altı ay davam edə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin "Cumhuriyet" qəzeti yazıb.
Məlumata görə, cinayət işində 105 təqsirləndirilən şəxs, 400-dən çox şahid iştirak edir. Qəzet yazıb ki, məhkəmənin 4600 gün davam etməsi gözlənilir.
Məhkəmə prosesi İmamoğlunun saxlanıldığı İstanbulun Silivri rayonundakı həbsxananın ərazisində keçiriləcək. O əvvəllər hakimiyyəti məhkəmə iclasını dövlət televiziyasında canlı yayımlamağa çağırmışdı.
İmamoğlu və təqsirləndirilən şəxslər martın sonundan bəri həbsdədirlər. İstanbulun 40-cı Cinayət Məhkəməsi noyabrın sonlarında bələdiyyə sədrinə qarşı 4000 səhifəlik ittiham aktını elan edib.
İmamoğlu cinayətkar təşkilat yaratmaqda, rüşvətxorluqda, çirkli pulların yuyulmasında, dövlət qurumlarına və təşkilatlarına qarşı fırıldaqçılıqda, eləcə də şəxsi məlumatlarla bağlı bir sıra cinayətlərdə, cinayət işlərində sübutların gizlədilməsində və tenderlərdə gizli əməkdaşlıqda ittiham olunur.
Qeyd edək ki, İmamoğlunun həbsindən sonra Türkiyədə müxalifət tərəfindən təşkil edilən etiraz dalğası başladı və ən böyük etirazlar İstanbul, Ankara və İzmirdə baş tutdu. Müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl əvvəllər partiyanın İmamoğlunun azadlığa buraxılması və müxalifətin prezidentliyə namizədi kimi onu dəstəkləmək üçün 20 milyondan çox imza topladığını bildirmişdi.