“İlin sonunadək vəziyyət kifayət qədər mürəkkəb olacaq”

Cəmiyyət

12.03.2020 - 10:26

Rauf Mirqədirov: “Biz İranın başına gələnlərdən dərs götürməliydik, götürmədik”

 

Bu gün bütün dünya ondan danışır, onun vahiməsi hər yeri bürüyüb. Koronavirus bəlasının bu dərəcədə geniş yayılması və bir neçə ölkəni xüsusilə cənginə alması ciddi şübhələr meydana çıxarıb.

 

Belə iddialar var ki, bu virus hansısa dövlətlərin xüsusi xidmət orqanlarının hazırladığı bioloji silahdır. Belə düşünənlərin qənaətincə, bu işin arxasında daha çox ABŞ dayana bilər ki, Çin və İranın hədəf seçilməsi də bu iddiaları gücləndirir.

 

Digər ehtimallara görə isə, Çinin özündə hazırlanmış COVİD-19, sonradan hansısa səbəblərdən nəzarətdən çıxıb. Belə ehtimal olunur ki, Çin hökuməti bu faktı ciddi şəkildə ört-basdır edir.

 

Beləliklə, AYNA-nın mövzu üzrə suallarını politoloq Rauf Mirqədirov cavablandırıb.

 

- Rauf müəllim, koronavirusla bağlı iddialar səslənir ki, bu virus təbii yolla yaranan virus deyil, hansısa dövlətlərin laboratoriyalarında xüsusi hazırlanmış bioloji silahdır. Bu iddialarla razılaşırsınız?

 

- Çin özü etiraf edib ki, onun laboratoriyalarında müəyyən eksperimentlər aparılıb. Demək olar ki, eksperimentlər zamanı hansısa səhvə yol verilib, virus nəzarətdən çıxıb və yayılmağa başlayıb. Amma bu, heç də o demək deyil ki, Çinin məqsədi virusu yaymaq olub. Məsələn, konspiroloji nəzəriyyələrdə deyilir ki, Çin virusu yaymaqla iqtisadi böhran yaratmaq istəyir və bu iqtisadi böhran zamanı aparıcı şirkətlərin indeksləri aşağı düşür. Sözsüz ki, ilk baxışdan məntiqlidir. Çünki məhz dünya valyuta ehtiyyatlarının böyük bir hissəsi Çin biznesmenlərinin əlindədir. Amma mən belə olduğunu düşünmürəm. Çünki dünya kifayət qədər açıqdır və dünyada güclü kəşfiyyat sistemləri var. Yəni ki, bu məsələləri bu cür asanlıqla gizlətmək o qədər də asan deyil. Bunu ABŞ haqqında da demək olar. Ola bilər ki, koronavirusun yayılması ilə bağlı yaranmış iqtsadi böhran Çin, Rusiya və digər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına zərbə vurur və nəticədə həmin iqtisadiyyatlar çox ciddi problemlərlə qaşrılaşır. Nəticədə isə inkişaf sürəti aşağı düşür. Bu halda sözsüz ki, onların fəal xarici siyasət həyata keçirmək imkanları məhdudlaşır və bu, ABŞ-ın maraqlarına uyğundur.

- Bu günlərdə Ağ Ev rəhbəri Donald Tramp sosial şəbəkədə “artıq koronovirusdan qorxmayın” mesajını verdi. Bəzi müşahidəçilər bunu belə izah edirlər ki, Tramp bununla koronovirus silahını tutan əlin ABŞ olduğuna işarə edir və ölkəsinin qüdrətini nümayiş etdirir.

 

- Təsdüfi deyil ki, ciddi siyasətçilər bu cür ittihamlarla çıxış etmirlər, bu, ancaq ekspertlər səviyyəsində, daha çox konspirologiya ilə maraqlanan ekspertlər səviyyəsində səsləndirilir. Nəzərə almaq lazımdır ki, koronavirus bütün dünyaya yayılır, o cümlədən də ABŞ-a. Eyni zamanda ABŞ-da da ciddi iqtisadi problemlər yaradır. Yəni iqtisadi fəallıq aşağı düşür. Bu isə iş yerlərinin itirilməsi deməkdir. Bu, eyni zamanda ABŞ-ın xarici ticarət dövriyyəsinin aşağı düşməsi deməkdir. Eyni zamanda xəstəliyin yayılması da neqativ bir fon yaradır. ABŞ, bildiyiniz kimi, seçkilərə gedir və Tramp yenidən seçilmək istəyir. Belə bir şəraitdə Trampın bu cür ağılsız addım atmasını gözləmək sadəlövhlükdür. Trampın bəyanatı daha çox ona yönəlir ki, ölkədə panikanın qarşısını alsın və iqtsadi, sosial problemlərin yaranacağı ehtimalının sıfıra yaxın olduğunu inasanların nəzərinə çatdırsın. Nəticədə bu, onun prezident seçkilərinə mənfi təsir göstərməsin. Düşünürəm ki, onun bəyanatı məhz bununla bağlıdır.

 

- İsraildən olan bir həkim isə fərqli fikirlərlə çıxış etdi. Onun fikrincə, “COVİD-19 infeksiyasını çox da şişirtmək lazım deyil, çünki adi qripdən bir az fərqlənən infeksiya növüdür”. Belə olduğu halda, necə olur ki, dünya adi bir qripin əlində aciz qalıb?

 

- Belə deyil. Çünki adi qripə qarşı səmərəli dərmanlar, peyvəndlər, müalicə növləri var. Ona görə də bunu adi qriplə müqayisə edərkən eyni olduğunu deyənlərlə razılaşmıram. Təxminən hal-hazırda 100 mindən adam koronavirusa yoluxub və onların 4 mindən artığı həyatını itirib. Nə qədər ki, bu virusun peyvəndi tapılmayacaq, problem həllini tapmayacaq. Ən yaxşı proqnozlara görə, peyvəndin heyvanlar və insanlar üzərində tətbiq olunması bu ilin sonlarına kimi həll olunacaq. Yəni peyvənd ən yaxşı halda gələn il üçün üzə çıxacaq. Ona görə də ilin sonuna qədər vəziyyət kifayət qədər mürəkkəb olacaq. Ola bilsin ki, yay aylarında epidemiyanın yayılma sürəti azalsın, lakin payızda yenidən davam etməyə başlasın.

Tural Talehoğlu