İlahi mərhəmətə sığınan Bakı: qar niyə bizim günümüzü qara edir?!

Cəmiyyət

10.01.2023 - 10:11

Sabiq baş nazir: “Ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, korrupsiya və əyinti hallarına yol verilir”

İqtisadçı: “Təəssüf ki, müstəqillik əldə etdiyimiz 32 ildə biz seçib-seçilməyin həzzini və toplumun rifah içərisində yaşamaq üçün verdiyi töhfələrin dadını yaşaya blməmişik”

Bakı və Abşeron yarımadasına bu qışın ilk qarı yağır. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ümumi ölkə üzrə qar örtüyünün hündürlüyü İsmayıllıda 30, Xaltanda 21, Qubada 20, Altıağacda 16, Lerikdə 15, Sarıbaş, Yardımlıda 14, Şabranda 13, Şəki, Biləsuvarda 8, Qusarda 7, Oğuz, Şahbuz, Daşkəsəndə 5, Qobustanda 4, Sədərəkdə 3, Naxçıvan, Ağdərə, Göygöl, Naftalanda 2, Bərdə, Göyçay, Astara, Ağdamda 1, Sumqayıtda 8, Bakıda 2 santimetrədək olub.

Düşən yağıntının miqdarı Astarada 16, Lerikdə 15, Biləsuvarda 9, Qax, Lənkəranda 8, Oğuz, Qəbələdə 7, Qubada 6, Neftçala, Göyçayda 5, Şahbuz, İsmayıllı, Altıağac, Ağdam, Zərdabda 4, Şabran, Xaltan, Şəki, Qobustan, Daşkəsən, Göygöldə 3, Gədəbəy, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Salyanda 2, Naxçıvan, Şərur, Sədərək, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Cəfərxanda 1, Sumqayıtda 9, Bakıda 3, Maştağa, Binə, Pirallahıda 1 millimetrədək olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək, dağlıq rayonlarda 14-17 dərəcə şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta olub.

Məlumdur ki, dünyanın müxtəlif ölkələrində ilin 2-3 ayı qarlı-şaxtalı keçir. Rusiya kimi bəzi şimal ölkələrində bu proses daha çox davam edir. Lakin buna baxmayaraq, həyat davam edir, insanların gündəlik həyatında, təhsil müəssisələrində, iş yerlərində bizdəki kimi böhran yaşanmır. Mənzillər istiliklə təmin edilir, yollar açıq olur, bütün müəssisələr normal fəaliyyətini davam etdirir.

Azərbaycanda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Yol Polisi İdarəsi və digər aidiyyəti qurumlar hələ qar yağmamışdan əhaliyə xəbərdarlıq edir, onları mümkün qədər küçələrə çıxmamağa çağırır. Qar yağdığı zaman isə yollar tıxanır, məktəblərin fəaliyyəti məhdudlaşır, insanların işə-gücə yollanması sıxıntılarla müşayiət olunur. Və bu problem illərdir yaşanır.

Niyə? Nə səbəbdən məmləkətimizdə qış belə böhranlı keçir? Nədən qarı bu cür ajootajla qarşılayırıq? Şaxta hava həyatımızı nə üçün dondurur?

Sabiq baş nazir Pənah Hüseyn AYNA-ya açıqlamasında deyib ki, qar yağan kimi fəsadların ortaya çıxması yarıtmaz idarəçiliyin nəticəsidir: “Rusiyada, dünyanın bir çox ölkələrində qış fəsli sərt keçir. Rusiyanın elə şəhərləri var ki, orada qış dəhşətli dərəcədə soyuq keçir. Lakin buna baxmayaraq, orada bütün mənzillər və müəssisələr istiliklə təmin edilir. Yollar gün ərzində işlək, tədris müəssisələri açıq olur. Azərbaycanda nə baş verir? Nəinki qar, hətta yağış yağan kimi, ciddi problemlər meydana çıxır. Paytaxtda kanalizasiya sistemi iflic vəziyyətindədir”.

“Hesab edirəm ki, bunun əsas səbəbi korrupsiya və ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlıdır. Hansı ki, bu gün Azərbaycanın bu problemləri həll etməyə imkanı var. Lakin illərdir bu problem davam edir. Bəzən də belə arqument gətirirlər ki, Azərbaycanda onsuz da qış soyuq keçmir. Bunu necə başa düşək - təbiətlə anlaşıblar? Tutaq ki, iki həftə ardıcıl qar yağdı və yollar bu bağladı - onda nə baş verəcək? Həyat tam iflic olacaq? Koronavirus pandemiyasında olduğu kimi, hamını evə qapayacaqlar? Belə idarəçilik olmaz!”, - deyə həmsöhbətimiz bildirib.

P.Hüseyn hesab edir ki, idarəetmə sistemi təkmilləşməyənə qədər bu cür problemlər davam edəcək: “İcra hakimiyyətləri təsisatları sovetdən qalma idarəetmə modelidir. Müasir dövrün çağırışlarına cavab vermir. Faktiki olaraq formal fəaliyyət göstərirlər. Dəfələrlə təklif olunub ki, bələdiyyə sistemi gücləndirilsin. Hesabatlı bələdiyyə orqanları məcbur qalıb bu problemləri həll edəcək. İndiki halda Bakı Şəhər İcra Hakimiyyəti nə iş görür ki?! Bir gün yerə qar düşən kimi, həyat iflic olur”.

“Dünən səhər rayona səfərə gedirdim. Paytaxtda həyat faktiki olaraq dayanmışdı. Düzdür, bəzi yerlərdə yollara duz səpirlər, amma bu, çox kiçik əraziləri əhatə edir. Təkcə Bakıda deyil, regionlarda da oxşar mənzərə hökm sürür. Vəziyyət hər il olduğu kimi davam edir. Təbiətin ümidinə qalmışıq. Təbiət sərt üzünü çox göstərsə, Azərbaycanda həyat dayanacaq”, - deyə keçmiş Baş nazir vurğulayıb.

İqtisadçı-ekspert Rövşən Ağayev də problemin səbəbini idarəçilikdə görür: “Əksər dövlətlərdə seçkilərin taleyini fövqəladə vəziyyətlərdə, o cümlədən pis hava şəraitində nəqliyyat axınının, kommunal xidmətlərin verilməsinin fasiləsizliyinin təmin edilməsində bələdiyyələrin nə dərəcədə effektiv tədbirlər görə bilməsi həll edir. Qar yağmasının bir faydası da odur ki, seçib-seçilmək haqqından məhrum buraxılmış biz binəvalar gerçək səslə seçilən bələdiyyə institutunun nə qədər vacib olduğunu bir daha xatırlayırıq”.

“Məsələn, Türkiyədə seçici həmişə seçkiarası dövrlərdə cibində futbol hakimləri kimi üç rəngdə kart gəzdirir: seçkili şəxslər aralıq dövrdə nə qədər çox sarı karta alırlarsa, seçki günü avtomatik qırmızı kart çıxır. Təəssüf ki, müstəqillik əldə etdiyimiz 32 ildə biz seçib-seçilməyin həzzini və toplumun rifah içərisində yaşamaq üçün verdiyi töhfələrin dadını yaşaya blməmişik. Müstəqillik dövrünün ən aktiv nəsli hesab oluna biləcək 70 və 80-ci illər nəsli bu problemin öhdəsindən gələ bilmədi və 50 və 60-cı illər nəslinin əzici zərbələri altında ancaq məğlubiyyət yaşadı. Ümid 2000-ci illər nəslinə qalıb”, - deyə o bildirib.

Ağayevin fikrincə, ya yeni nəsil sürətlə dəyişən dünyada sivil bir ölkə qurmağın öhdəsindən gələcək, ya da özləri də yaxın onilliklərdə ata-babaları kimi üçüncü dünya ölkələrinin şərtləri altında yaşamağa davam edəcəklər: “Yeri gəlmişkən, küçəyə çıxmışam, qar yağmasına ən çox sevinən də elə 2000-ci illər nəslidir”.

Müəllif: Azər Niftiyev