Vəliyev 8 sutka müddətinə inzibati qaydada həbs edilib
Dekabr ayının 18-də Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman 90-VE-205 dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud surətdə pozduğuna və avtomobilinə konstruksiya dəyişikliyi etdiyinə görə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya bildirilib ki, bu zaman sürücü -Ağstafa rayon sakini Zülfüqar Vəliyev polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, onlarla sözlü münaqişə yaradıb və ictimai asayişi kobud surətdə pozub. Bununla bağlı olaraq Z.Vəliyev saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Z.Vəliyev 8 sutka müddətinə inzibati qaydada həbs edilib.