“Komandanlıq İsrail ilə qarşıdurmanın genişlənməsinin yeni mərhələsinə keçdiyini elan edir”
Livanın “Hizbullah” qruplaşması İsrailə qarşı müharibənin yeni mərhələsinə başladığını bəyan edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
“Komandanlığın göstərişlərinə əsasən, “İslam Müqaviməti Əməliyyat Qərargahı” İsrail ilə qarşıdurmanın genişlənməsinin yeni mərhələsinə keçdiyini elan edir”, - bəyanatda deyilib.
Qeyd olunub ki, qarşıdurmanın yeni mərhələsinin mahiyyəti “yaxın günlərdə baş verən hadisələrlə üzə çıxacaq”.
Bəyanatda vurğulanıb ki, ““İslam Müqaviməti” İsrailin Livana qarşı təcavüzünə müqavimət göstərməkdə davam edir, Livanın cənubunda cəbhə xəttində düşmən ordusu xeyli canlı qüvvə və texnika itkisi verir”.
““İslam Müqaviməti” döyüşçülərinin müşahidələrinə görə, 20 “Merkava” tankı, 4 hərbi buldozer, bir zirehli transportyor və bir zirehli texnikanın məhv edilməsindən əlavə, İsrail zabitləri və əsgərlərinin təxminən 55-i ölüb, 500-dən çoxu yaralanıb”, - qeyd olunub.
“Hizbullah”ın bəyanatında bildirilib ki, “Hermes 450” tipli iki pilotsuz uçuş aparatı məhv edilib.
Hərəkat aydınlaşdırıb ki, bu məlumatlara İsrailin Livan-İsrail sərhədi boyunca və İsrail ərazisinin dərinliklərində yerləşən hərbi bazalar və kazarmalardakı itkiləri daxil deyil.