“Hələ koronavirusun nə vaksini var, nə də spesifik müalicə üsulu”

Cəmiyyət

27.08.2020 - 21:00

Rafiq Bayramov: “Arxayınlaşmağımız çox ciddi epidemioloji təhlükə meydana çıxara bilər”

 

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov AYNA-ya müsahibəsində koronavirus infeksiyası və onunla mübarizə tədbirləri barədə danışıb:

 

- Doktor, bir az əvvələ qayıdaq. Belə ki, iddialar var, Azərbaycan səhiyyəsi pandemiyaya hazır deyildi, deyə...

 

- Təbii fəlakətlər və yeni yoluxucu xəstəliklərin yayılma göstəriciləri haqqında əvvəlcədən dəqiq məlumatlı olmaq və ona tam hazır olmaq heç bir ölkə üçün mümkün deyil. Amma, qeyd etmək istəyirəm ki, dünyada koronavirus infeksiyası haqqında məlumatlar yayılan ilk vaxtlardan etibarən ölkəmizdə bu infeksiya ilə mübarizəyə xüsusi diqqət ayrıldı. Ölkə rəhbərliyi səviyyəsində bu infeksiyadan minimum zərərlə qurtulmaq üçün lazımi tədbirlər görüldü və müvafiq göstərişlər verildi. Bu infeksiyaya yoluxanların müalicəsi, o cümlədən bu infeksiya ilə mübarizə üçün lazım olan bütün tibbi ləvazimatlarla təchiz olunmuş xüsusi xəstəxanalar ayrıldı. Hal-hazırda da ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə uğurla davam etdirilir.

No description available.

- Pandemiya dönəmində Ağciyər xəstəlikləri kafedrası olaraq fəaliyyətiniz nədən ibarət oldu?

 

- Qeyd etmək istəyirəm ki, koronavirus pandemiyası ilə mübarizədə bütün tibb ictimaiyyəti əzmlə çalışır. Azərbaycan Tibb Universitetinin əməkdaşları da bu infeksiya ilə mübarizədə ilk günlərdən indiyədək yorulmadan xalqımıza xidmət edirlər. Belə ki, pandemiyanın ilk dövrlərindən Universitetimizin iki böyük və müasir klinikası – Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikaları koronavirusa yoluxan xəstələrin ixtiyarına verilib. Bütün Universitet əməkdaşları kimi, kafedramızın əməkdaşları da bu infeksiya ilə mübarizədə ön cəbhədədirlər. Belə ki, kafedramızın əməkdaşları həm bu xəstələrin müalicəsində, həm də bölgələrdə olan həkimlər üçün təlimlərin keçirilməsində yaxından iştirak edirlər.

 

- Yoluxanların sayının durmadan artdığı dönəmlər oldu, o zaman səbəb nə idi?

 

- Tənəffüs infeksiyalarının hamısının, o cümlədən koronavirus infeksiyasının da əsas yoluxma yolu aerogen yol, yəni tənəffüs yoludur. Bu infeksiyalardan qorunmaq sözlə ifadə etdiyimiz kimi asan deyil və xüsusi qaydalara əməl etmək tələb olunur. Pandemiyanın ilk dövrlərində vətəndaşlarımızın böyük bir hissəsi bu infeksiyaya inanmırdı və karantin qaydalarına ciddi yanaşmırdı. Bu səbəbdən də bu infeksiyaya yoluxanların sayı artdı. Sonra hər kəs öz yaxın çevrəsində bu virusa yoluxanları gördükdən və ya eşitdikdən sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə daha ciddi əməl etməyə başladı.

 

Ümumiyyətlə, belə infeksiyaların epidemioloji xüsusiyyətləri haqqında dəqiq proqnoz vermək mümkünsüzdür. Bu infeksiya ilə bağlı bütün dünyada müxtəlif və bir-birini təkzib edən fikirlər mövcuddur. Ancaq onu deyə bilərəm ki, həmişə ilin soyuq fəsillərində tənəffüs infeksiyaları ilə yoluxanların sayı artır. Bu baxımdan koronavirusa yoluxanların da sayında payız-qış aylaında artımın olacağı mümkündür.

 

- Yoluxanların sayının enməsində nəyə borcluyuq?

 

- Bu, kompleks tədbirlərin nəticəsində mümkün oldu. Sözsüz ki, müvafiq dövlət strukturlarının bu infeksiya ilə mübarizədə gördüyü tədbirlərin xüsusi əhəmiyyəti var. Vətəndaşlarımızın da qoyulan tələblərə riayət etməsi çox vacibdir. Çünki bu infeksiya ilə mübarizədən qalib ayrılmaq üçün hər kəs həmrəy olaraq mübarizəyə qoşulmalıdır. Bu infeksiyaya yoluxanların sayındakı azalma bizi arxayınlaşdırmamalıdır. Çünki, bu arxayınlaşma çox ciddi epidemioloji təhlükə ilə nəticələnə bilər.

 

- Bir neçə gündür ki, yoluxanların sayı təkrar artmağa başlayıb – üçrəqəmliyə qayıdıb. İndi səbəblər nədir? Yumşalmalar yoluxma artımına səbəb ola bilərmi?

 

- Bu infeksiyaya yoluxanların sayının artmaması üçün hər bir vətəndaş karantin qaydalarına ciddi əməl etməli, qapalı məkanlarda qoruyucu maskalardan istifadə etməli, sosial məsafəni (1,5-2 metr) qorumalı və mümkün qədər insanların sıx toplaşdığı məkanlardan uzaq olmalıdır. Əgər bu qaydalara əməl etməsək, yoluxma sayının artması qaçılmazdır.  Dünyada bu infeksiyanın hal-hazırda nə spesifik profilaktika (vaksin), nə də spesifik müalicə üsulu (ona qarşı dərman) var. Ona görə də, bu pandemiyanın nə qədər davam edəcəyi haqqında dəqiq məlumat demək mümkün deyil. Nə qədər ki bu infeksiya mövcuddur, həmin müddətdə də bu infeksiya ilə yanaşı yaşamaq məcburiyyətində qaldıqca yaşam tərzimizi dəyişməli və karantin qaydalarına ciddi əməl etməliyik. Bu infeksiyaya yoluxanların sayının artmasında sözsüz ki, qaydalardakı yumşalmaların və qoruyucu vasitələrdən istifadə etmədən koronavirusa yoluxmuş şəxslərlə təmasların olmasının təsiri böyükdür.

 

- Gedişat və mövcud vəziyyətlə bağlı ümumi fikriniz nədən ibarətdir?

 

- Ümid və arzu edirəm ki, yaxın zamanlarda dünya bu infeksiyadan xilas olacaq və həyat əvvəlki məcrasına dönəcək. Amma nə qədər ki, bu infeksiya mövcuddur, vəziyyəti düzgün dəyərləndirmək və adekvat əks epidemik tədbirlər görmək lazımdır. Bu tədbirlərdə hər bir vətəndaş yaxından iştirak etməli və koronavirusla mübarizəyə öz töhfəsini verməlidir.

Müəllif: Ülviyyə Şahin