Həkimlər fikir ayrılığında: Hansı maskalar bizi virusdan qoruyur?

Cəmiyyət

29.12.2020 - 21:14

Hətta, “maska taxmaq insanı virusdan qorumur” düşüncəsində olanlar da var

 

Ölkədə satışa çıxarılan bütün maskalar dövlət standartlarına uyğun olmalıdır. Əks halda, eyni normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 

Pandemiyaya qarşı mübarizədə qoruyucu maskaların düzgün seçilməsi də mühümdür. Qoruyucu maskalar burun və ağız boşluğuna əhatə edən və yolxucu xəstəliklərin birbaşa ötürülməsi riskini minimuma endirmək üşün maneə yaradan vasitə olmaldır. Ona görə də maska almazdan əvvəl onun təlimatı ilə tanış olub istifadə müddətinə uyğun şəkildə taxmaq lazımdır.

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AYNA-ya verilən məlumata görə, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən 2020-ci ildə Avropa standartları əsasında tibbi maskalara dair əsas tələbləri müəyyən edən iki dövlət standartı (AZS 884:2020 (EN 14683:2014) və AZS 885:2020 (149:2001+А1:2009) qəbul edilib: “Ölkədə satışa çıxarılan (yerli istehsal və idxal olunan) bütün növ maskalar bu standartların tələblərinə uyğun olmalıdır. Bu məqsədlə məhsulun standartların tələblərinə uyğunluğuna akkreditasiya olunmuş qurumlar tərəfindən zəmanət verilir və istehlak bazarına təhlükəsizlik normalarına cavab verən mallar buraxılır”.

 

Qurumdan bildirilib ki, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır: “İnzibati Xətalar Məcəlləsinə əsasən, bu tələblərə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur”.

 

Bəs, mütəxəssislər nə deyirlər? Hansı maskalardan istifadə etməliyik ki, bizi virusdan qoruya bilsin? AYNA həkimlərə müraciət edib.

 

Azərbaycan Tibb Universitetinin dosenti Həyat Əliyeva deyir ki, istənilən aptekdən ala biləcəyimiz tibbi maskalar virusdan qorumaq üçün ən effektli maska hesab edilir: “Parça maskalarda olan bir çox xüsusiyyətlər tibbi maskalarda yoxdur. Tibbi maskalar iki qatdan ibarətdir, havanın keçiriciliyi mərhələlidir. Və virusun qarşısını almaq məqsədlidir. Parça maskalar isə həm özümüzü, həm də digərlərini qorumaq imkanı vermir”.

 

Pulmonoloq İbrahim Əsədli isə bildirir ki, maska insanı virusdan qorumur: “İctimai yerlərdə və insanların çox toplaşdığı yerlərdə maskanın taxılması zəruridir. Çünki o qədər insan içərisində kimin sağlam, kimin xəstə olmasını bilmək mümkün deyil. Maskanı xəstə insanlar taxmalıdırlar, sağlam insanın maska taxması önəmli deyil”.

 

Hansı maskaların virusdan qorumasına gəldikdə, Əsədlinin sözlərinə görə, istər parça maska olsun, istərsə də apekteklərdə satılan tibbi maska - bunlar bizi virusdan qoruya bilməz: “Nisbətən effektivlikdən söhbət gedirsə, parça masklar tibbi maskalardan daha effektivdir”.

 

Həkim Adil Qeybulla isə fərqli düşünür. Onun dediyinə görə, parçadan, özlərinə su hopduran materialdan hazırlanan maskaların fitil effekti var: “Belə maskalar danışanda, nəfəs alanda tez islanır və belə maskalar virusu çox asanlıqla içəri keçirə bilər. Ona görə də maskaların fitil effekti olmamalıdır”.

Müəllif: Ülviyyə Şahin