Penitensiar müəssisələrə narkotik vasitə və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanaya və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 32.5-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Qobustan həbsxanasında cəza çəkən məhkum Vüqar Müzəffər oğlu Məmmədova vətəndaş Fərid Xalid oğlu Məmmədov tərəfindən poçt vasitəsilə göndərilmiş sovqata baxış keçirilib. Sovqatdakı dörd ədəd qəndin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,361 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,653 qram olan narkotik maddə - heroin aşkar edilib.
Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Emil Zakir oğlu Şükürova qohumu Abşeron rayon sakini Əli Hüseyn oğlu Abbasov tərəfindən gətirilmiş sovqata baxış zamanı isə orada olan gödəkcənin astar hissəsində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 1,891 qram çətənə bitkisinin toxumları aşkarlanıb.