Havanın temperaturu enir: yağış, qar gözlənilir

Xəbərlər

06.11.2020 - 14:49

Bakıda 16 dərəcə isti olacaq

 

Azərbaycanda noyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

 

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 11-13°, gündüz 14-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

 

Rayonlarda arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-13°, gündüz 15-18° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı bildirilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 7-8-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif: Ayna.az