Halal pulunu əldə etmək üçün uzun-uzadı növbə: nə səbr qalır, nə taqət

Cəmiyyət

17.02.2023 - 14:05

Hər ay yaşanan izdiham sakinləri cana doyurub, insanlar çarə gözləyirlər

Bakının Balaxanı kəndi Azərbaycanın hüdudlarından kənarda da tanınır. Ölkədə neft hasilatının ilk yeri olan bu kənd bir vaxtlar bir çox məşhur insanların diqqətini cəlb edib. Kəndin özü isə dünyaya şöhrətli şəxsiyyətlər bəxş edib.

Bu kiçik kəndin böyük tarixi var. Onu Rusiya imperatoru III Aleksandr ailəsi ilə birlikdə ziyarət edib. Burada vaxtilə SSRİ-nin gələcək lideri İosif Stalini məhv etmək istəyiblər. Kəndin gözəlliyi şair Sergey Yesenini o qədər valeh etmişdi ki, o, şeirlərində Balaxanını xatırladır. Və bu kənddə 1898-ci ildə ilk Azərbaycan filmi çəkilib, sonralar Parisdə nümayiş etdirilib.

2019-cu ilin sentyabr ayından Balaxanı qəsəbəsində abadlıq işlərinə başlanılıb, nəticədə qəsəbə tanınmaz dərəcədə transformasiya olunub. O, əvvəlkindən daha parlaq və daha möhtəşəm olub.

İndi Balaxanı turizm mərkəzinə çevrilib, burada onlarla mağaza, kafe açılıb. Kəndə gələn turistlərə çoxlu müsbət emosiyalar və parlaq anlar bəxş edir. Kənddə turistlərin Balaxanının görməli yerləri ilə tanışlığı prosesini asanlaşdıran və sürətləndirən uşaq parovozu şütüyür.

Əgər əvvəllər kənd sakinlərini çirkli küçələr, yağışlı havada iri gölməçələr və qeyri-sabit avtobus marşrutu narahat edirdisə, bu problemlər arxada qalıb. Bununla belə, balaxanılılar hələ də narahatlıq yaşayırlar. Söhbət kənddə cəmi iki bankomatın olmasından gedir.

Əvvəllər bu bankomatlar (biri “Kapital Bank”a, digəri isə “Azərbaycan Beynəlxalq Bankı”na (ABB) məxsusdur) poçtun yanında yerləşirdi. Bir neçə ay əvvəl ABB-nin bankomatı “Oba” marketin qarşısına köçürülüb. Lakin bankomatın yerləşdiyi yerin dəyişdirilməsi Balaxanı sakinlərinin cəmi iki bankomatdan çəkdikləri əziyyəti dəyişməyib.

Pensiyaçıların əksəriyyəti bu vəziyyətdən əziyyət çəkir. Adətən hər ayın ortalarına təsadüf edən pensiyanın verildiyi gün pensiyaçıların bir hissəsi poçtun yanındakı “Kapital Bank” bankomatında, digəri isə “Oba”nın qarşısında yerləşən banklararası ATM-də uzun növbə çəkir.

Hər pensiyaçı bankomatda uzun və saatlarla növbəyə dura bilmir. Üstəlik, kənddəki əksər ərzaq mağazalarında bank kartları qəbul edilmir. POS terminallar yoxdur. Əgər işləyən kənd sakini maaş aldığı gün nağd pul çıxarmaq istəyirsə, bunu Bakının başqa yerində də rahatlıqla edə bilər. Bəs təqaüdçülər necə etsinlər? Bunun üçün məsələn, qonşu Sabunçu və ya Zabrat kəndinə getmək lazımdır.

“Cəmi iki bankomatın olması yerli sakinlərə böyük narahatlıq yaradır. Hesab edirik ki, müvafiq banklar əhaliyə verilən bank kartlarına cavabdehlik daşımalı və bizə kəndin özündə nağd pul çıxarmaq imkanı verməlidir”, - deyə Sofya Əhmədova adlı yerli sakin AYNA-ya bildirib.

Onun sözlərinə görə, bir çox yaşlı insanları pensiyasını bank kartından çıxarmaq üçün uzun müddət növbədə durmaq narahat edir: “Yaxşı ki, qohumum hərdən işlə bağlı Sabunçu qəsəbəsinə gedir. Xahiş edirəm, bu kənddəki bankomatdan pensiyamı çıxarır. Orada bizim Balaxanıdakı kimi növbə yoxdur”.

Təqaüdçü onu da qeyd edib ki, kənddə yerləşən ABB-nin bankomatı artıq köhnəlib: “Bu səbəbdən bir ara bankomat xarab oldu və yalnız bir neçə saatdan sonra işə başladı. Bütün bu müddət ərzində bankomatın ətrafına izdiham yığılıb, onun yenidən işləməsini gözləyirdi”.

Kəndin digər sakinləri də deyiblər ki, kənddə cəmi iki bankomat azdır. Əksər pensiyaçılar pensiyalarını ABB bank kartları vasitəsilə alırsa, buna görə də daha bir bankomat lazımdır.

Mövcud vəziyyətlə bağlı ABB-nin mətbuat xidmətindən AYNA-ya bildirilib ki, Balaxanı qəsəbəsindəki bankomat müvafiq təhlükəsizlik tədbirləri və texniki tələblər nəzərə alınmaqla ən əlçatan yerdə quraşdırılıb: “ABB müştərilərin istəklərini nəzərə alaraq, bu ərazidə əlavə bankomat quraşdırılması məsələsinə baxacaq”.

Ümid edək ki, bu məsələ tezliklə həllini tapacaq və Balaxanıda yaşayan pensiyaçılar rahat nəfəs alacaqlar. Axı onların bankomatda uzun növbədə vaxt keçirməyə səbr və taqətləri yoxdur.

Müəllif: Asif Aydınlı