Ən böyük seçici aktivliyi Tbilisidə qeydə alınıb
Gürcüstanda parlament seçkilərində seçici aktivliyi 41,62 faizə çatıb. AYNA xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.
Qeyd olunub ki, saat 15:00-dək 1 milyon 454 min 837 seçici səsvermə hüququndan istifadə edib. Ən böyük seçici aktivliyi Tbilisidə (437 426) qeydə alınıb. Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartlidə 142 851 nəfər səs verib.
Onu da qeyd edək ki, səsvermə zamanı bir neçə məntəqədə kiçik insidentlər qeydə alınıb.
MSK-nın mətbuat katibi Natiya İoseliani partiya nümayəndələrini, KİV və müşahidəçiləri komissiyaların işinə mane olmamağa, komissiya üzvlərinin funksiyalarına müdaxilə etməməyə və məntəqədə davranış qaydalarına əməl etməyə çağırıb.
Onun sözlərinə görə, bir məntəqədə seçiciyə iki bülletenin verilməsi faktı qeydə alınıb, digər məntəqədə isə qanunla qadağan olunmasına baxmayaraq bülletendən foto çəkməyə cəhd olub.
Gürcüstan parlamentin sədri Şalva Papuaşvili isə seçkilərlə bağlı çıxışında bildirib ki, Gürcüstanda keçirilən parlament seçkiləri şər və xeyir, dinsizlik və mənəviyyat arasında seçimdir.
“Təbii ki, “Gürcü Arzusu” bu gün gürcü xalqının yeganə seçimidir, xalqımız nadir hallarda belə bir seçim qarşısında qalır”, – deyə Şalva Papuaşvili qeyd edib.