“Gündüz İsmayılova meydan oxudum, dedim ki, gəl...” – Elşad Miri

Cəmiyyət

29.10.2021 - 09:22

Həkimlər Klinikalar SEO Xidməti

Komitə sədrinin müavini ilə ilahiyyatçı arasında qalmaqal: “Seyidləri İblislə müqayisə edib”, “Kitabımın qadağan olunması məzhəb məsələsi ilə bağlıdır”

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dinşünas Elşad Mirinin “İslamda yoxdur” adlı kitabının Azərbaycana niyə idxal edilməməsi barədə paylaşım edib. Bildirib ki, buna səbəb kitabda seyidlərin İblislə müqayisə edilməsidir.

O, Elşad Mirinin ərəbcə danışa bilmədiyini iddia edib: “Mən qanun və vicdanım qarşısında rahatam. Çünki əminəm ki, seyidi və ya başqa bir insanı İblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbul edilməzdir. Zatən, bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb. Əgər Avropa məhkəməsi desə ki, yox, Elşad Miri düz edib seyidləri İblislə müqayisə edib, artıq buna deyəcək bir sözüm yoxdur. Uzaqbaşı Hüseyn Cavidin "İblis"ini tərcümə etdirib onlara göndərə bilərəm”.

“Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, bunu onu sevməyənlər deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşı bilmədən Elşad Miri “Qurani-Kərim”i tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib.Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiniz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, “Quranı” necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma “Quran”ı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Deyirəm ki, məhz “Quran”ı tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidirlər”.

AYNA Gündüz İsmayılovun iddiaları ilə bağlı Elşad Miri ilə həmsöhbət olub.

- Elşad bəy, Gündüz İsmayılovun sizinlə bağlı statusunu oxumusunuzmu?

- Bəli, xəbərim var.

- Səsləndirilən fikirlərə münasibətiniz necədir?

- Dünən (28 oktyabr – A.N.) debat olub. Debatdan sonra da gecəni yatmayıb, bütün günü “Facebook”da yazılanlara şərh yazmaqla vaxtını keçirib, səhər də belə bir status yazıb. Qınamıram. Bu, təəssüüf ki, bəzi insanların məmurluğu yanlış başa düşməsinin, bundan sui-istifadə etməsinin nəticəsidir. Çünki onlar da bilirlər ki, “İslamda yoxdur” kitabına qoyduqları qadağa sabah başlarında çatlayacaq. Üç il əvvəl qoyduqları bu qadağa artıq Avropa Məhkəməsində kommunikasiya dövrünə başlamalıdır. Həmin ərəfədə də bu, bizə başucalığı gətirməyəcək. Təbii ki, bunun da cavabını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi verəcək. Komitə də faktiki olaraq özlərinin, hansısa məzhəbin nümayəndəsi olan bir məmurun verdiyi yanlış qərardan geri dönmür. Komitə sədri ilahiyyatçı olmadığı üçün bu məsələlərlə bağlı bütün səlahiyyətləri Gündüz İsmayılov həyata keçirir, ona görə də Gündüz bəy müxtəlif arqumentlərlə, fikir dağıtmaqla, gündəmi dəyişməklə belə bir status yazıb. Təəssüf ki, öz yanlışlıqlarına belə don geyindirməyə çalışırlar.

- Buna səbəb nədir?

- Çünki mən orada qeyd etmişdim ki, bu insanlar özləri kitab yazır, yazdıqları kitablara Komitə tərəfindən qonorar alırlar. Bu, nə qədər etik, əxlaqa, ilahiyyatçılığa, şəffaflığa uyğundur? Amma onlar bunun əvəzində şəxsi formada kimisə ittiham edirlər. Çünki bu adam özü ilahiyyat fakültəsini bakalavrda tamamlayıb və bundan sonra da özünə heç bir sahədə iş tapmadığına görə, mətbuatda siyasətdən yazan birisi olub. Onun ittiham etdiyi Elşad Miri – mən bakalavrda oxumamışdan əvvəl də ilahiyyat, ərəb dili və şəriət məktəbi üzrə məktəbi qırmızı diplomla bitirmişəm. Bundan sonra dörd il ilahiyyat kolleci oxumuşam, həmin kollec də ərəb dilli və ingilis təmayüllü olub. Bundan sonra bakalavr, magistratura, hazırda da doktorantura təhsili alıram, bu sahədə illərlə müxtəlif universitetlərdə dərs demiş adamam. Bunlar əbəs, boş ittihamlardır. Gündüz İsmayılov gözəl bilir ki, mən onun müəlliminin müəllimindən dərs almışam. Sadəcə olaraq bu cür ittihamlarla öz yanlışlıqlarına haqq qazandırmağa çalışırlar.

- Gündüz İsmayılov yazıb ki, ərəbcə danışa bilmirsiniz...

- Ərəb dilini bilməyən biri ilahiyyatçı ola bilərmi? “Quran” oxuyarkan onun ərəb dilində mənasını başa düşmürsünüzsə, o zaman ilahiyyatda nə oxuyursunuz, bunun mənası nədir? Bunu deməkdən ötrü Gündüz İsmayılov ən azından mənimlə ərəbcə danışmalı idi. Mən verilişdən sonra da ona meydan oxudum. Gündüz İsmayılova dedim ki, istəyirsənsə, gəl verilişi uzadaq, burada bunu saatlarla müzakirə edək. Amma Gündüz bəy dedi: “Yox, mən başqa adam çıxararam”. Mən də bildirdim ki, özü ümumiyyətlə, dili də bilmir, dini də. Sadəcə bu gün məmur olaraq bir kresloya yiyələnib, sürücüsü var, kitab yazıb qonorar alır, bununla da özünə bir imic qazanıb və bundan da bu cür istifadə edir. Amma Allah şahiddir ki, Elşad ömrünü ilahiyyata həsr edib. Elədiklərimə görə heç nə ummadan yoluma davam edirəm. Peyğəmbərin sağlığında ona deyirdilər ki, “Quran” ona Allahdan göndərilmir, gedib filan dəmirçidən öyrənib yazır. Yəni bu ittihamlar hər zaman olub. Mən “Qurani-Kərim”in ən böyük sürələrindən olan “Ali-İmran” sürəsinin Azərbaycan dilinə izahlı tərcüməsini edən, bununla bağlı redaktorların, ərəb dilini bilənlərin müsbət rəyini alan adamam.

- Gündüz İsmayılov yazıb ki, kitaba Azərbaycanda qadağa qoyulmasına səbəb orada seyidləri İblislə müqayisə etməyinizdir...

- Birincisi, Allah özü Adəmi İblislə müqayisə edir. Yəni Allah özü Adəmi İblislə müqayisə edirsə, siz bu gün İblislə seyidin müqayisə edilməsinə qarşısınızsa, deməli, siz allahlıq iddiasındasınız. Allahın qərar verəcəyi bir məsələni Allahın əvəzinə özünüz qərar verməyə çalışırsınız. Yəni bir insan kimisə kim ilə isə müqayisə edə bilər. Bundan sizə nə?! Sən bu gün həqiqətən İblisinmi tərəfdarısan, yoxsa seyidinmi? Ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə görə seyidlik anlayışı varmı? Azərbaycan Konstitusiyasında hansısa Azərbaycan vətəndaşı hansısa vətəndaşdan üstün və yaxud da aşağı olması ilə bağlı müddəa varmı? Məcəllələrdə Azərbaycan vətəndaşının başqasından hansısa vəzifəyə görə üstünlüyündən bəhs edilirmi? Bəs “Qurani-Kərim”də varmı? “Quran”da Allah deyir ki, “insanın Allah yanında yeganə üstünlüyü yalnız Allaha qarşı məsuliyyətli olmasından asılıdır”. Yəni bu gün bir adamın kiminsə nəslindən olması o insanı başqalarından üstün edə bilərmi? Bir insanın kiminsə nəslindən olması onun öz əlində deyil. Bu gün Azərbaycanda nə qədər seyid var, bu seyidləri kim müəyyənləşdirir? Bunun bir statistikası aparılırmı? Həmin adamların əlində bir fakt varmı? Yoxdur.

Kitabın qadağan edilməsi seyidliklə əlaqələndirilsə də, orada yeddi mövzu var və verilən rəydə seyidlik yox, digər mövzuların hamısında məzhəblərə zidd olduğu üçün qadağan edildiyi yazılıb. Bu rəyi verənlər də məzhəbpərəst adamlardır. Gündüz bəy vaxtilə kitablar tərcümə edib, həmin kitablara görə də yaxşı qonorar alıb. Həmin kitabı tərcümə edən, çap olunan yerdən də bu günə qədər gələn kitabların hamısına müsbət rəy verir. Bu kitab Türkiyədə çap olunub. Orada insanlar ayağa qalxdımı, etiraz etdimi? Xeyr. Mədəni şəkildə kitabı alır, oxuyur, fikirlərini bildirirlər. Bu gün Türkiyədə həmin kitabın üçüncü nəşri bitib. Dördüncü nəşri çap olunur. Onminlərlə nüsxə çap olunub və üstünə də yazılıb ki, “Azərbaycanda qadağan edilmiş kitab”.

- Axı Türkiyədə İslama etiqad edənlərin əksəriyyəti əhli-sünnədir...

- Xeyr, seyid həm şiə məzhəbində olur, həm sünnidə. Ona qalsa, mən də miriyəm, seyidəm. İcazə verin, özüm özümü tənqid edim, özümün olmadığını deyim. Niyə azadlığımı əlimdən alırsınız? Bunlar senzura dövründən əvvəl yaşamış insanlardır. Senzuranın ləğvi ilə bağlı Heydər Əliyevin fərmanı var. Amma bu gün Azərbaycanı kitab qadağan edən ölkə imici ilə Avropada biabır etmək istəyirlər. Bir məmurun özbaşınalığı bu həddə gəlib çıxmamalıdır.

- İndi sizə qarşı bu addımların atılmasına səbəb şəxsidir, yoxsa məzhəb məsələsinə görədir?

- Məzhəb məsələsidir. Həmin insanların məzhəbdən kənara çıxa bilməmələrinin nəticəsidir.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş