Gəlin üçlükdə danışaq - Əliyevin təşəbbüsü alqışlanır: “Hətta Ermənistan da...”

Siyasət

13.10.2022 - 10:18

“Məhz bu halda ölkələrimiz suveren, xalqlarımız azad olacaq”

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi üçün Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli platformasının yaradılmasını təklif edib. O, belə bir bəyanatla Praqada “Avropa Siyasi Birliyi” sammiti çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edib.

Əliyevin sözlərinə görə, bu platformada enerji, rabitə və qarşılıqlı maraq doğuran digər məsələlər həll oluna bilər.

Belə bir platformanın yaradılması nə dərəcədə realdır? Bu formatın müsbət tərəfləri hansılardır? Ermənistan və Gürcüstan bununla razılaşacaqmı? Rusiya bütün gücü ilə bu təşəbbüsə qarşı çıxmayacaqmı?

AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Gürcüstan Texniki Universitetinin professoru, konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru Amiran Xevtsuriani:

“Uzun illərdir ki, mən nəinki belə bir platformanın yaradılmasından danışıram, hətta bunu qəti şəkildə tələb edirəm. Çünki onun mövcudluğu və inkişafı ölkələrimiz üçün həyati əhəmiyyət kəsb edir. Bu, xalqlarımız var olduqca, yəni əbədi olaraq mövcud olmalı olan bir  platformadır. Biz belə mühüm məsələləri birlikdə, dəyirmi masa arxasında, ən əsası isə kənar müdaxilə olmadan həll etməyi öyrənməliyik. Məhz bu halda ölkələrimiz suveren, xalqlarımız azad olacaq.

Təbii ki, bu təşəbbüsü Gürcüstan və əminəm ki, Ermənistan dəstəkləyəcək. Bu platforma inkişaf perspektivinə malikdir və təkcə iqtisadi və enerji məsələləri deyil, həm də siyasi məsələləri həll edə bilər.

Prezident Əliyev təcrübəli və uzaqgörən siyasətçidir və təbii ki, Cənubi Qafqaz regionunda uzunmüddətli sabitliyin əldə olunması baxımından bu platformanın əhəmiyyətini yaxşı dərk edir. Dialoqun alternativi yoxdur, nə qədər uzun, yorucu və nəticəsiz olsa da, yenə də - yalnız dialoq olmalıdır. Bu yolla uzunmüddətli arzuladığımız nəticəni əldə edəcəyik.

Belə bir platformanın apriori meydana çıxması “3+3” formatının sonu deməkdir ki, bu da sevindirməyə bilməz, çünki Ukraynada qətliam törədən və hələ də davam edən Rusiya kimi bir qurumla bir masa arxasında oturmaq yolverilməzdir. Biz başa düşməliyik ki, bugünkü Rusiya bizim qorxunc keçmişimizdir, ona heç vaxt qayıtmamalıyıq.

Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru, diplomat Fərid Şəfiyev:

“Yeri gəlmişkən, bu yaxınlarda Gürcüstanda Rondeli Fondunda keçirilən tədbirdə bu mövzuda çıxış etdim. Doğrudan da, regional əməkdaşlıq məsələsi artıq bir müddətdir ki, gündəmdədir. Əvvəllər “3+3” formatı haqqında danışırdılar, amma indi o, əslində işləmir və onun perspektivləri daha çox illüziyadır.

Amma Ermənistanla sülh müqaviləsində irəliləyiş olarsa və Prezident “əgər biz sülhə nail ola bilsək” (bu, vacib ilkin şərtdir) deməklə bunu nəzərdə tuturdu, təbii ki, “üçlük”dən ibarət həqiqətən də mühüm regional platforma yaradılacaq.

O ki qaldı Rusiyanın addımlarına, əgər onlar nəyəsə qarşı çıxacaqlarsa, bu, daha çox Ermənistanla sülh müqaviləsi bağlanmasına qarşı olacaq. Amma mənə elə gəlir ki, Rusiya bunu onsuz da açıq şəkildə etməyəcək. Əgər biz sülh müqaviləsi bağlasaq və başqa sahələrdə də irəliləyiş olarsa, ümumiyyətlə, bu platformanın ideyası həyata keçirilə bilər və çətin ki, Moskva orada nəyəsə müdaxilə edə bilsin.

Digər tərəfdən, Moskva, iqtisadi əməkdaşlıqdan danışsaq, prinsipcə eyni nəqliyyat dəhlizlərində maraqlıdır. Ona görə də mənə elə gəlir ki, indiki şəraitdə, Rusiya Federasiyasının seçim imkanlarının çox olmadığı, yəni müttəfiqlərinin - Belarus və Suriyadan ibarət olduğu bir şəraitdə onlar niyə cənub istiqamətində düşmənçilik toxumu səpməlidirlər? Bəlkə, bu dəfə Moskvada başqa cür düşünəcəklər, əksinə, çalışacaqlar ki, sülh olsun, buradan və Qafqazdan keçərək başqa bazarlara çıxsın, nəqliyyat kommunikasiyaları qursunlar”.

Gürcüstanlı politoloq, Qara Dəniz Beynəlxalq Universitetinin professoru Nika Çitadze:

“Azərbaycan Prezidentinin təşəbbüsünü müsbət qarşılamaq olar. Cənubi Qafqazın üç dövləti arasında dialoq üçün ilkin şərtlərin yaradılması regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Rusiya bu cür əməkdaşlığın qarşısını almağa çalışacaq, baxmayaraq ki, xoşbəxtlikdən, Ukrayna ilə müharibə səbəbindən Kreml regionda nüfuzunu itirir.

Gürcüstan təbii ki, belə üçtərəfli formatda iştirak etməyə razılıq verəcək. Düşünürəm ki, Ermənistan da əməkdaşlıqda maraqlı olacaq, çünki ölkə Azərbaycan və Türkiyənin iqtisadi təcridindən çıxmalıdır”.

Müəllif: Rauf Orucov