Birgə bəyanat əvəzinə yeddi ayrıca sənədin qəbul edilməsi təklif edilir
İyunun 15-17-də Kanadada keçiriləcək “Yeddilik Qrupu”nun (G7) sammitinin iştirakçıları ABŞ Prezidenti Donald Trampla bu Assosiasiyaya daxil olan ölkələrin digər liderləri arasında fikir ayrılıqlarını qabartmamaq üçün əvvəldən birgə bəyanat qəbul etməkdən imtina edə bilərlər. AYNA.AZ xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti “Nikkei” yazıb.
Bildirilib ki, hazırda sənəd layihəsinin müzakirəsi aparılmır. Qeyd olunub ki, birgə bəyanat əvəzinə yeddi ayrıca sənədin qəbul edilməsi təklif edilir. Onlar xüsusilə mineral ehtiyatlar, süni intellekt, infrastruktur və miqrasiya məsələləri üzrə əməkdaşlığa həsr olunacaq.
Qəzetin yazdığına görə, Trampla digər liderlər arasında aşılmaz fikir ayrılıqlarının olduğu qlobal ticarət və ya Rusiya ilə münasibətlər məsələlərinə də toxunulmamalıdır.
Nəşr xatırladıb ki, Trampın ilk prezidentlik dövründə 2018 və 2019-cu illərdə G7 sammitlərinin iştirakçıları birgə bəyanatlar qəbul etməyə çalışarkən böyük problemlərlə üzləşiblər.