“Münaqişənin heç bir tərəfi danışıqların davam etdirilməsində məna görmür"
ABŞ-ın vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpası ehtimalı Yaxın Şərqdəki hərbi münaqişə bitdikdən sonra belə, azdır. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) hər iki tərəfdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Kiyev və Moskvanın razılaşmaya yaxın olduğu barədə açıqlamalarına baxmayaraq, münaqişənin heç bir tərəfi "danışıqların davam etdirilməsində məna görmür".
Ukrayna rəsmiləri deyiblər ki, Kiyev Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə razılaşma tələblərini yumşaltmaq üçün təzyiq göstərməməsindən narazıdır.
FT yazır ki, Putin "daha çox Ukrayna ərazisini güc yolu ilə ələ keçirməyə diqqət yetirir" və bütün Donbass bölgəsinə nəzarəti ələ keçirə bilsə belə, yeni tələblər irəli sürməyə davam etmək niyyətindədir.
Rəsmilər qeyd ediblər ki, Ukrayna da "əlverişsiz, sürətli" razılaşma üçün ABŞ-ın təzyiqinə daha az həssas olub.
12 mayda Donald Tramp Rusiya və ABŞ-ın bütün Donbass bölgəsinin Rusiyanın mülkiyyəti ilə bağlı ortaq bir anlaşmaya gəlmədiyini açıqlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı hərbi münaqişənin həlli məsələsinin çox mürəkkəb olduğunu və sülh razılaşmasına nail olmağın "çox uzun bir yol" olduğunu bildirib.