“Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, biz ehtiyatlıyıq”
Slovakiyanın Baş naziri Robert Fiko oktyabrın 7-də Ukraynanın qərbində yerləşən Ujqorodda ukraynalı həmkarı Denis Şmıqalla görüşüb. AYNA xarici mediaya istinadən bildirib ki, görüş zamanı enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, infrastruktur layihələri, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenskinin İsveçrədə keçirilən sammitdə təqdim etdiyi “sülh planı”na dəstək məsələləri müzakirə edilib.
Fiko bildirib ki, Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlüyünü şərtsiz dəstəkləyir. Baş nazirin sözlərinə görə, Bratislava inteqrasiya prosesinə heç bir maneə yaratmayacaq.
Eyni zamanda, bu, Ukraynanın NATO-ya potensial daxil olmasına aid deyil: “Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, biz ehtiyatlıyıq. Lakin Aİ məsələsində biz yüz faiz sizin tərəfinizdəyik”.
Bir gün əvvəl Fiko STVR telekanalına müsahibəsində Slovakiyanın Baş nazir postunu tutduğu müddətdə Ukraynanın NATO-ya üzvlüyünə razı olmayacağını bildirib. Siyasətçi hesab edir ki, Ukraynada müharibə ancaq “rusları diz çökdürmək” üçün “Qərb tərəfindən dəstəkləndiyi” üçün davam edir. Baş nazir həmçinin 2025-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə Moskvaya səfər etməyi planlaşdırdığını bildirib.