Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub.
Qeyd edək ki, 10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi davam edir. Əraziyə əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.
Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 Təcili Tibbi Yardım (TTY) briqadası cəlb olunub. Saat 10:45-ə olan məlumata görə, 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.
Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Hadisə səbəbindən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələri tövsiyə olunur.