Fələstin səfirliyi “Əsrin sövdələşməsi”ni qondarma sənəd hesab edir
Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi İsrail-Fələstin münaqişəsinin nizamlanmasını nəzərdə tutan “Əsrin sövdələşməsi” sənədi ilə bağlı açıqlama yayıb.
AYNA-ya səfirlikdən verilən açıqlamada bildirilir ki, dünən dünya ABŞ Prezidenti və İsrail Baş Nazirinin iştirakı ilə beynəlxalq hüquqa, BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi 160-dan çox qətnaməyə açıq-aşkar zidd olan “Əsrin sövdələşməsi” adlı qondarma sənəd təqdim olunub.
Bildirilir ki, sənəd İsrailin siyasi spektrindəki ultra sağ qüvvələrdən ibarət koalisiyasının ideoloqları və Netanyahunun təxəyyülünün məhsuludur, ABŞ-ın hazırkı prezidentinin administrasiyası isə bu sənədin qəbulunu daha da təşviq edib. Sözügedən sənəddə Fələstinin tarixi torpaqlarında qeyri-qanuni fəaliyyətin davam etdiriləcəyi ehtiva olunur.
Açıqlama Fələstin lideri Mahmud Abbasın sitatı ilə yekunlaşır: “Mən Trampa və Netanyahuya demək istəyirəm. Qüds satılmır, bizim bütün hüquqlarımız satılmır. Sizin sazişiniz və konspirasiyanız keçməyəcək”.
Xatırladaq ki, ABŞ-ın hazırkı Administrasiyası tərəfindən hazırlanmış Yaxın Şərq Sülh planı Fələstin-İsrail münasibətlərinin nizamlanmasını nəzərdə tutur.