Fəlakət üzərindən siyasət: zəlzələnin “altında” kim qalacaq?

Aktual

10.02.2023 - 14:25

Siyasi şərhçi: “Ərdoğan və komandası kritik dönəm yaşayır, lakin müxalifət üçün də vəziyyət ürəkaçan deyil”

Türkiyənin cənub-şərq hissəsində baş verən dəhşətli zəlzələ nəticəsində yaranan fəlakət ölkənin siyasi gündəminə də təsirsiz ötüşməyib. Zəlzələdən əvvəl həyata keçirilməyən önləyici tədbirlər və fəlakətin nəticəsinin aradan qaldırılmasındakı problemlərə görə müxalif qüvvələr Prezident Rəcəb Tayyib Ərdoğanın iqtidarını tənqid etməyə başlayıb.

Məlumdur ki, bu il mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Fəlakət günlərində seçkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib. Prosesin təxirə salınacağı ehtimalı var. Çünki zəlzələnin baş verdiyi ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu səbəbdən həmin bölgələrdə seçimlərin baş tutması texniki cəhətdən mümkün görünmür. Bütün hallarda isə seçkilərin bu il ərzində baş tutacağı və zəlzələnin bu prosesə təsirsiz ötüşməyəcəyi güman edilir.

Mövzu ilə bağlı AYNA-nın suallarını siyasi şərhçi Asif Nərimanlı cavablandırıb:

- Türkiyədə zəlzələ fəlakəti ölkədəki ictimai-siyasi vəziyyətə necə təsir göstərəcək?

- Bu zəlzələnin Türkiyədə ictimai və siyasi müstəvidə qarşıdurmanı şiddətləndirəcəyi bəllidir. Zəlzələyə və fəsadlarına yanaşmada təbii fəlakət olması ilə günahkarın hakim partiyası olması fikri arasında mübahisələr qızışacaq. Hələ proses yenidir, bəllidir ki, dağıntılar altından çıxarılanlar artdıqca, məsələ daha kəskin müzakirə mərhələsinə keçəcək. Hərçənd, böyük bədbəxtliklər insanların həmrəliyinin güclənməsi ilə nəticələnir. Burada əsas məsələ həmrəliyin hakim partiyanın lehinə, yoxsa əleyhinə olacağıdır ki, bunu da hökumətin atacağı addımlar müəyyənləşdirəcək.

- Hələlik seçkilərlə bağlı hansısa rəsmi məlumat olmasa da, bildirilir ki, ertələnəcək. Ümumiyyətlə, zəlzələ seçki prosesinə hansı təsirləri göstərəcək?

- Seçkilərin təxirə salınıb-salınmaması hələ sual altındadır. Seçkilərin vaxtı may ayına çəkilmişdi və bunun səbəblərindən biri də zamanın hakim partiyanın əleyhinə olması idi. Çünki inflyasiya, digər iqtisadi çətinliklər seçkinin nəticələrinə də təsir edir. Zəlzələ isə vəziyyəti tamamilə dəyişdirdi və hakimiyyət ittiham altına düşdü. Mövcud mənzərə fonunda üç ay sonra seçkiyə getmək məğlubiyyət ehtimalını artırır, amma üç ay müddətində AKP seçki kampaniyasını zəlzələ bölgəsində görülən işlərlə apara və vəziyyəti dəyişdirə də bilər. Önümüzdəki iki ay ərzində bu məsələyə aydınlıq gələcək. Ərdoğan vəziyyəti xeyrinə də dəyişdirə bilər.

- Belə fikirlər var ki, hazırkı iqtidar 1999-cu il zəlzələsinin fəsadlarını tənqid edərək hakimiyyətə gəlmişdi. Budəfəki fəlakət Ərdoğanı iqtidardan sala bilərmi?

- Hazırkı vəziyyət 1999-cu ildə baş verən zəlzələdən sonrakı mənzərəni xatırladır. AKP də həmin zəlzələdə hakimiyyətin səhvləri üzərindən çıxış edərək, səs qazana və iqtidara gələ bildi. İndi də eyni gözləntilər var. Lakin Ərdoğanın 1999-cu il zəlzələsindən təcrübəli olduğunu və vəziyyətin bu istiqamətdə inkişafına imkan verməyəcəyini düşünürəm. 1999-cu il zəlzələsində müxalifət qüvvələri əhali ilə birbaşa təmaslar quraraq səs qazanmışdı, indi müxalifətin zəlzələ bölgəsindəki kampaniyasının məhdudlaşdırılacağı aydın görünür. Fövqəladə vəziyyətin elanı da hakim partiya üçün belə bir imkanı yaradır.

- Bəzi proqnozlara görə, AKP zəlzələnin nəticələrinin aradan qaldırılmasında uğur göstərərək növbəti dönəm üçün səslərin böyük əksəriyyətini qazanacaq. Bu fikirlə razısınızmı?

- Əslində AKP-nin dilemma qarşısında qaldığını deyə bilərik. Seçkinin vaxtının uzadılması da risklidir, təyin olunan vaxtda keçirilməsi də. Böyük ehtimalla, hakim partiya düşərgəsində seçkilərin vaxtı ilə bağlı nə etmək lazım olduğunu bilmirlər. Hərçənd, ən unikal variant seçkinin vaxtının dəyişdirilməməsi və önümüzdəki aylarda zəlzələ bölgəsində nəzərəçarpacaq işlərin həyata keçirilməsi kimi görünür. Hakim partiyanın real işlər görərək qazanmaq şansı itirilmiş deyil. O baxımdan, yaranmış böhranı seçkidə xeyirlərinə çevirəcəkləri gözləntisi daha çoxdur.

- Müxalifət qüvvələrinin zəlzələdən istifadə edərək siyasət aparması bəzən ikrah doğurur. Tənqidlər səslənir ki, faciə üzərindən mənafe düşünənləri Türkiyə cəmiyyəti qəbul etməyəcək və s.

- Zəlzələnin yaratdığı dağıntılar müxalifət üçün “göydəndüşmə fürsət” kimi görünür, amma bu, əks-effekt də verə bilər. Çünki bu, təbii fəlakətdir və müxalifətin zəlzələ üzərindən siyasət aparması “ölümdən qazanc əldə etmək” kimi qarşılana bilər. CHP lideri Kamal Kılıçdaroğlunun zəlzələ bölgəsindən yayımladığı videomüraciətdə bu, açıq görünürdü. Hakim partiya da bu tezis üzərində təbliğatını gücləndirəcək və ictimai rəyə təsir etməyə çalışacaq. Digər tərəfdən, zəlzələ hakim AKP üçün risklər yaratsa da, müxalifət düşərgəsindəki fikir ayrılıqları iqtidarın əlini gücləndirən məqamdır.

Müxalifətin “Altılı masa”sında namizəd hələ də müəyyən edilməyib, hətta Ərdoğanın tənqidçiləri də buna görə müxalifəti ittiham edir. Kılıçdaroğlunun namizəd olmaq istəyi aydındır, hərçənd, Akşenerin razı olmadığı haqda məlumatlar var. Eləcə də Türkiyə seçiciləri CHP liderini “xilaskar” kimi görmürlər. Bununla yanaşı, fövqəladə vəziyyətin elan edilməsi müxalifətin zəlzələ bölgəsində kampaniya aparmasını məhdudlaşdırır, əvəzində hakim partiyanın bərpa işləri üzərindən reytinq əldə etməsi imkanını artırır. Fikrimcə, müxalifət üçün də hər şey ürəkaçan deyil.

Həlledici məqamlardan biri də zəlzələdə dağılan evlərin hansı dövrdə tikilməsi məsələsidir. Əgər dağılan binalar arasında çoxluq AKP-dən öncə inşa edilənlər olsa, hakim partiya bundan maksimum istifadə edəcək. Əks təqdirdə, müxalifətin arqumenti güclənəcək, lakin bu halda hakim partiya zəlzələnin gücünü əsas gətirən təbliğatı gücləndirəcək. 

- Ümumiyyətlə, Türkiyə ictimai-siyasi mühitinin bundan sonrakı mərhələsi necə görünür?

- Fikrimcə, bu zəlzələ Türkiyədə arada qalan seçici sayını artıra bilər. Çünki hakim partiyanı seçmək istəməyənlərin müxalifətə də ümidi azdır. Buna səbəb “Altılı masa”nın fikir ayrılığı, HDP ilə münasibətləri və s. məsələlərdir. Seçkininin nəticəsini də məhz neytral qalanlar həll edəcək. O baxımdan, AKP-nin önümüzdəki dövrdə göstərəcəyi performans nəticəyə təsir edəcək amildir. Ümumilikdə Türkiyəni ictimai-siyasi mühitinin gərgin mərhələyə qədəm qoyduğu şübhəsizdir, lakin bu, zəlzələ baş verməmişdən də belə idi, təbli fəlakət və fəsadları bu gərginliyi ikiqat artıracaq.

Müəllif: Anar Bayramoğlu