Evdən 10 min manatlıq oğurluq edənlər saxlanılıb

Hadisə

07.06.2023 - 09:44

Oğurlanan qızıl-zinət və məişət əşyaları aşkarlanaraq maddi sübut kimi götürülüb

Masallıda yaşayış olmayan evdən 10 min manatlıq oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən və hazırda yaşayış olmayan evlərdən birindən 9 min manat dəyərində qızıl-zinət əşyalarının və min manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Boradigah qəsəbə sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Mircəlal Ağayev və Murad Bağırov müəyyən edilərək saxlanılıblar.

Oğurlanan qızıl-zinət və məişət əşyaları aşkarlanaraq maddi sübut kimi götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Evdən 10 min manatlıq oğurluq edənlər saxlanılıb
Müəllif: Ayna.az