İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir
Lənkəran rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb. AYNA bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına istinadən xəbər verir. Məlumatda deyilir:
“Sentyabrın 14-də, 1956-cı il təvəllüdlü Liman şəhər sakini Eyvaz Yusubovun yaşadığı evdə, bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin tamah məqsədilə Lənkəran rayonu, Liman şəhər sakinləri - 1969-cu il təvəllüdlü Vidadi Hüseynovun, tanışları, 1987-ci il təvəllüdlü Vüsalə Mirzəyeva və 1988-ci il Emil Quliyev ilə birlikdə qabaqcadan razılığa gəlməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində V.Hüseynov, V.Mirzəyeva və E.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.