Sərhəd infrastrukturunun inkişafının 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır
Estoniya hakimiyyəti 2025-ci ildə Estoniya-Rusiya sərhədinin möhkəmləndirilməsi üçün 40 milyon avro ayırmağı planlaşdırır. AYNA eston mediasına istinadən bildirir ki, belə bir təklifi ölkə hökumətinə Baltikyanı Respublikasının daxili işlər naziri Lanemets təqdim edib.
Nazirin sözlərinə görə, bu məbləğ “sərhəd infrastrukturunun tikintisinin əvvəlində quraşdırılan strukturların yenilənməsi, giriş yollarının və əlavə telekommunikasiya sistemlərinin tamamlanması üçün” lazım olacaq.
“Bu tədbirlər bütün təhlükəsizlik sisteminin etibarlılığını artıracaq və sərhədçilərə qeyri-qanuni sərhəd keçidlərinə operativ reaksiya verməyə imkan verəcək”, - deyə nazir bildirib.
Sərhəd infrastrukturunun inkişafının 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Lanemets əlavə edib ki, Estoniya Rusiya Federasiyası ilə sərhəddə cihazları aşkar edib dəf etməyə imkan verəcək pilotsuz uçuş əleyhinə sistem yaratmaq istəyir. Bundan əlavə, “miqrasiya böhranı” zamanı hüquq-mühafizə orqanlarına yardım etmək üçün ehtiyatda olanlardan ibarət xüsusi dəstənin yaradılması imkanları müzakirə edilir. Bu tədbirlərin həyata keçirilməsi 2025-ci ildə əlavə 60 milyon avronun ayrılmasını tələb edəcək. Nazir qeyd edib ki, hökumət onların maliyyələşdirilməsi məsələsini hələ müzakirə etməyib.