Ermənistanın Baş naziri etiraf etdi: “Biz şüarların ardınca getdik və...”

Aktual

22.05.2023 - 15:30

Paşinyan: “2021-ci ilin iyun ayı ilə müqayisədə dəyişmiş geosiyasi vəziyyəti nəzərə almaq lazımdır”

“2021-ci ilin iyun ayı ilə müqayisədə dəyişən geosiyasi vəziyyəti nəzərə almaq lazımdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir bəyanatları arasında ziddiyyətlər barədə iradlara cavab olaraq, mövcud geosiyasi vəziyyətə diqqət yetirməyi tövsiyə edib: “Bizim Qarabağla bağlı hazırkı mövqeyimiz sülh gündəliyi ilə bağlı seçkiqabağı vədlərə uyğundur”.

Paşinyana seçki kampaniyası zamanı verdiyi “Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi, qurtuluş naminə ayrılmaq” vədləri ilə 86,6 min kvadrat kilometr ərazidə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı cari bəyanatları arasında ziddiyyətlər olduğu diqqətə çatdırılıb.

Paşinyan isə iradlara belə cavab verib: “Seçkiqabağı görüşlərdə mən sülh gündəliyindən danışdım və bu tezis seçicilər tərəfindən dəstəkləndi. Bu gün verdiyimiz bəyanatlar bizim seçki vədlərimizə zidd deyil. Siz qurtuluş üçün ayrılmaqdan danışırsınız, amma sual verilməlidir, kimdən ayrılmaqdan? Bütün bu illər ərzində biz sualın yalnız bir hissəsini formalaşdırmışıq. Biz şüarların ardınca getdik. İndi də müəyyən dərəcədə biz keçdiyimiz yola yenidən baxırıq, səhvlərimizi təkrarlamaq istəmirik”.

Baş nazir vətəndaşlarla səmimi söhbəti vacib adlandırıb: “Bir də ki, bu məsələyə toxunarkən 2021-ci ilin iyun ayı ilə müqayisədə dəyişmiş geosiyasi vəziyyəti nəzərə almaq lazımdır”.

“Ərazi bütövlüyü prinsipi beynəlxalq münasibətlərdə əsas prioritetə, ən mühüm prinsipə çevrilib. Bəlkə, hətta məlum hadisələrdən, 44 günlük müharibədən əvvəl bütün danışıqlar paketi geniş şəkildə açıqlanmalı idi. Amma bu, beynəlxalq qalmaqala səbəb olardı. Müharibənin qarşısını almaq üçün öz baxışımızdan, Qarabağın öz müqəddəratını təyin etmək məqsədindən əl çəkmək lazım idi. Amma mən ən azı mənəvi cəhətdən belə bir addım ata bilməzdim”, - deyə Baş nazir fikrini yekunlaşdırıb.

Müəllif: Turan Abdulla