Ermənistanda savaş çağırışları və 5 aprel anonsu – Azərbaycan əsgərinin barmağı tətikdə

Aktual

01.04.2024 - 13:53

Hərbi ekspert: “Paşinyan orduya tam nəzarət edə bilmir və revanşist qüvvələr hər an təxribat törədə bilər”

Martın 30-da Azərbaycan - Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydə alınıb. Bu barədə Ermənistandakı mənbələr sosial şəbəkələrdə məlumat yayıblar. Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.

Qoşunların cəmləşdirilməsinin videogörüntüləri də sosial şəbəkələrdə yayılıb. Məlumatlara görə, erməni qoşunları əsasən Naxçıvan istiqamətində cəmləşdirilir.

Digər yandan, Qazaxla sərhəddə də gərginlik gözləntisi var. Bu günlərdə Ermənistanın sabiq müdafiə naziri, hazırda müxalifətdə olan “Hayastan” parlament fraksiyasının rəhbəri Seyran Ohanyan Qazaxla sərhəddəki Tavuş bölgəsinə səfər edib, orada görüşlər keçirib. Məlumatlara görə, Ohanyan əhalini Qazağın kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxmağa çağırıb, hərbçilərə mesaj ünvanlayıb. Hərbçilərin və əhalinin “silaha sarılacağıq”, “döyüşəcəyik” kimi fikirlər səsləndirdikləri qeyd olunur.

Azərbaycan Müdafiə Nazirliyi (MN) isə qoşunların sərhədə cəmləşdirilməsi ilə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq edib: “Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir”.

“Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək”, - deyə Azərbaycan MN bəyan edib.

Baş verən prosesləri AYNA-ya şərh edən hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov deyib ki, burada təəccüblü heç nə yoxdur:

- Hər şey ola bilər, çünki biz müharibə şəraitindəyik və hələ də sülh sazişi imzalanmayıb. Ermənistan tərəfindən zaman-zaman atəşkəs pozulur, təxribatlara əl atılır. Bununla yanaşı, Ermənistan daxilində gərginliyə doğru gedən proseslər baş verir. Paşinyan Ali baş komandan kimi orduya tam nəzarət edə bilmir, revanşist qüvvələr aktivləşib. Eyni zamanda, aprelin 5-də Brüsseldə Ermənistanın da iştirakı ilə bu ölkənin təhlükəsizliyi mövzusunda ABŞ və Avropa İttifaqı ilə görüş keçiriləcək. Bütün bu məsələlər fonunda Ermənistanda ordunun aktivləşməsi baş verə bilər. İstisna etmirəm ki, aprelin 5-dək Ermənistan sərhəddə hansısa təxribatları törətsin.

Azərbaycan Ordusu, üc strukturları bu məsələlərlə məşğul olur. Əməliyyat şəraiti daim Azərbaycan Ordusunun nəzarəti altındadır. Ordu rəhbərliyi şəxsi heyətin qarşısında tapşırıqlar qoyub. Təbii ki, bu tapşırıqlar qoyularkən həmin vaxtın hərbi vəziyyəti, vəziyyətdən irəli gələn gözləntilər nəzərə alınır. Proseslər təhlil olunur və ona uyğun hazırlıq aparılır. Bu, Azərbaycan Ordusunun gündəlik fəaliyyətinin tərkib hissəsidir. Bizim ordumuz hansısa tədbirdən tədbirə, Ermənistanda gedən hansısa proseslərdən proseslərə hazırlıq görmür. Azərbaycan Ordusu daim hazır vəziyyətdədir və lazım olan tədbirləri görür. Bu günədək istənilən təxribatın qarşısını ordumuz alıb. Sabah Ermənistan sərhəddə təxribat törədərsə, lazımi cavabını alacaq.

- Dediniz ki, təxribat istisna deyil. Bunu Ermənistanın Naxçıvan istiqamətinə qoşun cəmləməsi ilə əlaqələndirirsiniz?

- Təkcə Naxçıvan istiqamətinə qoşun cəmlənməsi məsələsi deyil. Məsələn, son vaxtlar Qazağın işğalda olan kəndlərindən ilk mərhələdə dördünün boşaldılması müzakirələri var. Bu məsələdə Paşinyan hökumətinə qarşı çıxan, kəndləri boşaltmayacağını deyən insanlar, postları buraxmayacağını deyən hərbçilər var. Hansı ki, revanşist qüvvələrlə əlaqəli hərbçilər Paşinyan hakimiyyətinə tabe olmamaq istəyirlər. Əvvəldə də dediyim kimi, Ali baş komandan olaraq Paşinyanın əmrlərini icra etməkdən boyun qaçıran hərbçilər mövcuddur. Eyni zamanda, Ermənistanda Rusiyaya bağlı qüvvələr, xüsusilə hərbçilər arasında ruspərəstlər var. Rəsmi İrəvanın Qərbə yönəlik siyasətindən qıcıqlanan Rusiya Ermənistan daxilindəki “adamlarını” aktivləşdirib. Bu qüvvələrin hər an təxribat törədəcəyi gözləniləndir.

- Ermənistan mediasında qarşıdakı beş gün müddətində bir çox hadisənin baş verə biləcəyi deyilir. Erməni jurnalist Oskan Sarkisyan iddia edib ki, Qazağın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı “böyük ictimai hərəkat formalaşır” və “insanlar silaha sarılmaq istəyirlər”. Bu, nəyin anonsudur, beş gündən sonra hansı hadisələr ola bilər?

- Hər halda Brüsseldə aprelin 5-də keçiriləcək ABŞ, Avropa İttifaqı və Ermənistan toplantısı elə-belə deyil. Təbii ki, hansısa hazırlıq işləri aparılıb, müzakirələr gedib. ABŞ və Aİ Ermənistanla bağlı hansısa qərarlar qəbul edəcək. Düşünürəm ki, bu qərarların nəticəsi olaraq Ermənistanda nələrsə baş verə bilər. Ola bilsin ki, Rusiya da Ermənistanda hansısa təsirli addımlar atacaq. Məncə, erməni jurnalistin anonsu da bununla bağlıdır.

Aydındır ki, Ermənistana bu gün nə Azərbaycandan, nə Türkiyədən təhlükə var. Amma süni şəkildə şişirtmə var və guya Ermənistanın təhlükəsizliyini təmin etmək üçün ABŞ və Avropa hərəkətə keçir. Əslində, ABŞ da, Avropa da öz maraqları naminə belə bir məsələni gündəmə gətiriblər ki, hansısa formada Ermənistanda oturuşsunlar. Eyni zamanda, Qərb Rusiyanı Ermənistandan, ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Əlbəttə, Rusiya buna qarşı biganə qalmayacaq. Ona görə də qarşıdakı beş gündə nələrsə ola bilər və buna sərhəddə təxribatlar da daxildir.

Ermənistan atdığı addımlarla odla oynamış olur. Nəzərə almaq lazımdır ki, Azərbaycanla sülh sazişi imzalanmayıb və müharibə vəziyyəti davam edir. Növbəti təxribatda Ermənistan ordusu daha dəhşətli zərbə ala bilər. İkincisi, Ermənistan daxilində Rusiya hərbi bazası mövcuddur. Hələ mən iqtisadi amilləri, Moskvanın əlindəki digər rıçaqları demirəm. Ermənistan da, Ermənistanı silahlandırmaq istəyənlər də bu amilləri nəzərə almalıdırlar.

- “Kəndlərin təhvilinə qarşıyıq, silaha sarılacağıq” deyən erməni revanşistlərinin bu bəyanatları fonunda Azərbaycan Qazağın kəndlərini qaytarmaq üçün hərbi əməliyyat keçirə bilərmi?

- Genişmiqyaslı hərbi əməliyyat gözləntisi azdır. Yenə deyirəm, təxribatlara layiqli cavab Azərbaycan Ordusu tərəfindən veriləcək və bu, şübhəsizdir. İkincisi, Ermənistanın Azərbaycanla müharibə etmək gücü və potensialı yoxdur - bunu rəsmi İrəvan da, onun havadarları da yaxşı anlayırlar. Üçüncüsü, axı Azərbaycan Qazağın kəndlərinin qayıtması məsələsinin delimitasiya və demarkasiya prosesi çərçivəsində, dinc yolla həllinin tərəfdarı olduğunu bildirib. Digər tərəfdən, Paşinyan da kəndlərin qaytarılması ilə bağlı münasibətini bildirib. Hələ ki, Azərbaycan hərbi yola əl atmağa üstünlük vermir.

Müəllif: Anar Bayramoğlu