Vahe Gevorqyan: “Hər hansı irəliləyiş və ya qərar barədə danışmaq hələ tezdir”
“Regional əməkdaşlıq üçün bir neçə təklif var və “3+3” onlardan biridir. Hamıya qarşı ümumi mövqe formalaşdırmalıyıq. “3+3” formatına gəlincə, Ermənistanın prioriteti milli maraqları qorumaq, təhdid və riskləri hesablamaqdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər nazirinin müavini Vahe Gevorqyan bu gün parlamentin iclasında bildirib.
O vurğulayıb ki, təklif olunan əməkdaşlıq formatları mövcud formatları təkrarlamamalıdır: “Bu baxımdan bizim üçün prioritet ATƏT-in Minsk Qrupunun formatını təkrarlamamaqdır. Bütün bu əməkdaşlıq təklifləri nəzərdən keçirilir. Lakin hər hansı irəliləyiş və ya qərar barədə danışmaq hələ tezdir”.
Qeyd edək ki, “Altılıq platforma” da adlandırılan “3+3” formatı Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülüb. Rəsmi Ankara və Bakı hesab edir ki, regional əməkdaşlıq üçün ən optimal formatlardan biri budur.