“Ermənistan Rusiyanı müharibəyə sürükləməyə çalışacaq”

Siyasət

10.09.2020 - 21:08

İlqar Vəlizadə: “Ermənistanın tərəfində müharibədə birbaşa iştirak etmək Moskvaya sərf etmir”

 

“Rusiyadan Ermənistana silah ötürülməsi məsələsinə Rusiya tərəfi hələ də dəqiq aydınlıq gətirməyib. Məlum olduğu kimi, Ermənistanda Rusiyanın hərbi obyektləri var və bu silah-sursat Rusiya obyektlərinə də gedə bilər. Amma biz bütün hallarda Rusiyadan cavab gözləyirik”.

 

Bunu AYNA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Bildirib ki, mütəmadi açıqlamalar olsa da, Rusiya tərəfinə ünvanlanan suallar hələ də cavabsız qalır: “Rusiya tərəfindən heç kəs bu suallara aydınlıq gətirmir. Ona görə də Azərbaycan, cavabın nə olmasından asılı olmayaraq, öz tədbirlərini görür. Biz regionda hərbi-siyasi vəziyyətin getdikcə gərginləşdiyini və Ermənistanın təxribatı artırdığını bilirik. Eyni zamanda, heç kəsə sirr deyil ki, Ermənistan Azərbaycanla təkbaşına vuruşa bilməz. Əlbəttə ki, Ermənistan bu məsələdə heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da yox, sırf Rusiyaya arxalanır”.

Suriyanın Krımla bağlı addımı beynəlxalq aləmdə əhəmiyyət daşımır - İlqar  Vəlizadə

Vəlizadənin fikrincə, Ermənistan növbəti dəfə Rusiyanı proseslərə cəlb etsə, Azərbaycanın başqa yolu qalmayacaq və ən yaxın müttəfiqimiz olan Türkiyəyə müraciət ediləcək: “Burada bir məsələ də var ki, baş verənlərin ssenarisi əvvəldən bəllidir. Amma o da məlumdur ki, Türkiyə də, Azərbaycan da, Rusiya da başa düşür ki, bu ssenarinin reallaşması regionda heç kimin xeyrinə deyil”.

 

“Rusiyanın ona görə xeyrinə deyil ki, Ermənistan tərəfindən müharibədə birbaşa iştirak etmək Moskvaya sərf etməz. Çünki Rusiya çalışır ki, sərhədlərinin ərtrafında konfliktlərin sayı azalsın və bütün diqqətini münaqişələrə cəlb etməsin. Azərbaycanın ona görə xeyrinə deyil ki, Rusiya Ermənistan tərəfindən vuruşa bilər. Həmçinin, Türkiyə də Cənubi Qafqazda Rusiya ilə üz-üzə gəlmək istəməz. Onsuz da Liviya və Suriyada iki ölkənin maraqları kəskin toqquşur və vəziyyət olduqca mürəkkbədir. Ona görə də bu ölkələrdən heç biri Cənubi Qafqazda əlavə gərginliyin baş verməsində maraqlı deyil. Burada yeganə maraqlı tərəf yalnız Ermənistandır. Yəqin ki, Ermənistan da təxribatları davam etdirərək Rusiyanı müharibəyə sürükləməyə çalışacaq”, - politoloq vurğulayıb.

 

O, digər məqama da diqqət çəkib: “Burada bir məsələ var. Belə ki, Rusiyanın özündə də Ermənistanın planları ilə maraqları üst-üstə düşən siyasi dairələr ola bilər. Hər halda belə ehtimallar var. Amma hərbi-texniki kompleksin təmsilçiləri həmin bu məcrada vəziyyətin inkişafına maraqlı olmazlar. Çünki bir müddət əvvəl Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və onun birinci müavini Bakıya gəldi və bu istiqamətdə bir sıra məsələlər müzakirə edildi”.

 

“Yəni, Moskva Bakı ilə dialoqu saxlayır. Bu fonda da bu gərginliyin günahı, aydındır ki, yalnız Ermənistanın üzərinə düşür. Ermənistan da müəyyən qüvvələrə arxalanıb vəziyyəti bir qədər də qarışdırmaq istəyir. Hər halda, vəziyyətə aydınlıq gətirmək mütləqdir. Prosesdə Cənubi Qafqaz siyasətinin fəal iştirakçlarının mövqeyindən çox şey asılıdır. İştirakçıların mövqeyi nə qədər çox şəffaf olsa, bir o qədər də vəziyyət normallaşacaq”, - Vəlizadə əlavə edib.

Müəllif: Mərahim Nəsib