“Ermənistan hakimiyyəti dalana dirənib, seçim edə bilmir” – KUZNETSOV

Siyasət

08.11.2021 - 10:18

Rusiyalı politoloq: “Rusiya 10 noyabr bəyannaməsini imzalamaqla Minsk Qrupuna qarşı tamamilə əks mövqe tutdu”

Hazırda regionda “3+3” formatı (Azərbaycan-Gürcüstan-Ermənistan, Rusiya-Türkiyə-İran) haqqında müxtəlif səviyyələrdə müzakirələr aparılır, lakin bu platformanın həyata keçirilməsi üçün praktiki işlər azdır. Eyni zamanda, Ermənistanın özü bu formatla bağlı hələ tam qərar verməyib.

Digər tərəfdən, Ermənistan Prezidenti Armen Sarkisyanın aktiv diplomatik fəaliyyəti müşahidə olunur. O, son bir ayda Yaxın Şərq ölkələrinə səfər edib, Qlazqoda keçirilən ekologiya konfransında dünya liderləri ilə görüşüb.

AYNA regionda baş verən prosesləri tanınmış rusiyalı politoloq Oleq Kuznetsovla müzakirə edib.

- İndi “3+3” formatı barəsində çox danışılır. Amma Ermənistanda bu formata ehtiyatla yanaşılır. Bu format erməniləri niyə qorxudur?

- Ermənistan əmindir ki, o, Rusiya və İrana xüsusilə arxalana bilməz və Gürcüstan isə Ermənistanın tərəfində olmaqdansa, Azərbaycan və Türkiyənin tərəfini tutmağa üstünlük verəcək. Burada ibtidai hesab işləyir: “2+2” formatı ilə Ermənistanın iki rəqibi və bir neytralı var, “3+3” formatı ilə çox güman ki, üç rəqib və iki neytral və ya sempatizanı olacaq, lakin şübhəsiz ki, müttəfiqi olmayacaq. Ona görə də İrəvan indi düşünür ki, yeni format Ermənistan üçün mövcud formatdan daha faydalı olacaq, ya yox. Şəxsən mənim gördüyüm kimi, “3+3” formatı Ermənistana qlobal enerji və ərzaq böhranı qarşısında həcmi çox az olan xarici satış və investisiya bazarlarına istədiyi çıxışı verməyəcək. Ona görə də Ermənistan hakimiyyəti hansı formatın daha yaxşı olduğu ilə bağlı özləri üçün qərar verə bilmir.

- Son vaxtlar Ermənistan Prezidentinin diplomatik səylərini artırdığını görürük. O, Yaxın Şərq ölkələrinə səfər edib, sonra Qlazqo sammitində Qərb ölkələrinin liderləri ilə görüşüb, Rusiya televiziyasına iki müsahibə verib. Sarkisyanın belə fəallaşmasının səbəbi nədir?

- Biz hamımız yaxşı bilirik ki, Ermənistan Prezidenti indi öz ölkəsi daxilində ən yaxşı mövqeyə malik deyil və Ermənistan cəmiyyətindən ona qarşı çoxlu iddialar var. O, gözlənilən dividendləri ödəmədən bütün bu sərvətləri sadəcə olaraq sovuran Paşinyan rejimində Qərb investisiyalarına bir növ “nəzarətçi” təyin edilib. Ona görə də həm daxili, həm də xarici oyunçular ona təzyiq göstərirlər və indi hamının ondan narazı olduğu şəraitdə öz mövqeyini qorumaq üçün aktiv fəaliyyət  möcüzələri nümayiş etdirməlidir. Başa düşmək lazımdır ki, Ermənistan Konstitusiyasına görə, ölkə Prezidenti ciddi səlahiyyətlərə malik olmayan, dövlət maliyyəsinin bölgüsü ilə heç bir əlaqəsi olmayan siyasi üstqurumdur və buna görə də real hakimiyyətdən məhrumdur.

Ona görə də onun əsas funksiyası təmsilçilikdir, Qlazqodakı iqlim sammiti kimi heç nəyi həll etməyən, geosiyasət üçün heç bir məna kəsb etməyən beynəlxalq tədbirlərə, eləcə də bütün görüş və müsahibələrinə getməkdir. Onun əmək funksiyası heç bir əməli nəticəsi olmayan bu cür hərəkəti nəzərdə tutur ki, o, bunu öz əqli qabiliyyətləri çatdığı qədər edir. Xalq bunu “fırtınalı fəaliyyətin imitasiyası” adlandırır və bu məsələdə o, çox uğur qazansa da, bu, onun uğuruna ciddi yanaşmaq lazım olduğu anlamına gəlmir.

- Müharibədən dərhal sonra Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrini dəyişdi. İndi Fransa da həmsədrini dəyişib. ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların intensivləşməsini nə dərəcədə gözləmək lazımdır?

- Mən əvvəllər dəfələrlə, 2021-ci il iyulun 29-da ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədrinin dəyişdirilməsinin səbəbləri ilə bağlı öz baxışım barədə yazmışam və bu məsələ ilə bağlı fikrimi təkcə Azərbaycan deyil, həm də Almaniya və Türkiyə mətbuatı verib, ona görə də özümü təkrarlaya bilərəm. 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağda atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyannamənin imzalanması Cənubi Qafqaz regionunda vəziyyəti və ATƏT-in Minsk Qrupunun fəaliyyəti üçün siyasi şərtləri kökündən dəyişdi. Kreml bu qrupun  fəaliyyəti ilə bağlı tamamilə əks mövqe tutdu. Bu bəyanatın imzalanmasından dərhal sonra Kreml ATƏT-in Minsk Qrupuna icrada köməkçi vasitə kimi baxmağa başladı. Əgər əvvəllər bu strukturun Rusiyadan olan həmsədri hər cür yollarla həmkarlarını “Madrid prinsipləri”nə və Kazan sənədinə əməl etməyə məcbur edirdisə, 10 noyabr 2020-ci il tarixli bəyanatı imzaladıqdan sonra o, yeni bəyannamənin həyata keçirilməsi üçün lobbiçilik etməyə məcbur olub. Bu sənəd isə ATƏT-in Minsk Qrupunun yuxarıda göstərilən razılaşma və prinsiplərinin həyata keçirilməsinin əksinə olan bir sənəddir.

Təbii ki, bir diplomat bir-birini istisna edən bu iki işi edə bilməz, çünki bir ay əvvəl eyni adamın bir şeyi deməsi, bu gün isə fərqli mövqedən çıxış etməsi, sadəcə gülünc görünər. Moskvanın ATƏT-in Minsk Qrupunun müharibədən sonrakı Qarabağ nizamlanmasında rolu və yeri ilə bağlı mövqeyini dəyişməsi Rusiyadan olan həmsədr dəyişikliyini zəruri etdi. Mən əminəm ki, oxşar motivləri ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədrinin dəyişməsi də diktə edib, o, Cənubi Qafqaz regionunda dəyişən geosiyasi reallıqlarla bağlı Fransanın prinsipial olaraq yeni mövqeyini səsləndirməli olacaq. Ona görə də mən bu rotasiyada fövqəltəbii heç nə görmürəm və ATƏT-in Minsk Qrupunun Qarabağ üzrə danışıqlar prosesinin təşkilində iştirak etmək üçün səylərini gücləndirəcəyini gözləmirəm.

Müəllif: Nicat Hacıyev