Ermənilər İslamı xilas etdilər? – <font color=red> Babayana təşəkkürlər</font>

Maraqlı

01.09.2021 - 20:47

Qarşımızdakı millətin ən müstəsna cəhəti xəyanətdir ki, bunu da gizlətmirlər

 

Axmaq açıqlamaları ilə tanınan “Artsax xarici işlər naziri” David Babayan, hər zaman olduğu kimi, bu dəfə də ürəkdən güldürməyi bacardı. Bu yaxınlarda ərəb nəşrlərindən birinə verdiyi müsahibədə Qarabağın İslam tarixində əsas rol oynadığını söylədi.

 

Onun fikrincə, IX əsrdə Qarabağ "İslamın indiyə qədər üzləşdiyi ən böyük təhdidlərdən birini - Babək üsyanını (826-837) zərərsizləşdirdi".

 

Babayan bu ifadəsi ilə Babəklə döyüşən ərəb sərkərdələrinin, xüsusən də əl-Afşin təxəllüsü ilə daha çox tanınan Heydər ibn Qavusun bütün xidmətlərini sıfıra endirdi. Bəs Babəkin qiyamı İslama qarşı yönəlmişdimi?

 

Üsyanın özü Ərəb Xilafəti olan ilk İslam imperiyası üçün ciddi bir sınaq idi. Bəzi tarixçilər Babəki İslam düşməni hesab etməyə meyllidirlər, lakin mövcud faktlar bu versiyanı təkzib edir. Məsələn, Abdullah Mubəlliyi Abadani "Tarix-e-adyan və məzahib-e-cahan" kitabında Babək və tərəfdarlarını şiə olaraq təsnif edir.

 

Əl-İstəxri və İbn Xovqal kimi ərəb müəllifləri Babəkin davamçılarının “Quran” oxuduqlarını və məscidlərdə namaz qıldıqlarını qeyd edirlər. Bundan başqa, Babəkin əsl adı Həsən, qardaşının adı isə Abdullah idi. Tamamilə müsəlman adlarıdır. Bu faktlar Babəkin o illərdə hakim Abbasilər sülaləsinə qarşı mübarizə aparan İslam cərəyanlarından birinə - şiəliyə mənsub olduğunu təsdiq etməyə əsas verir.

 

Ərəb mənbələri tez-tez Babəkə  qarşı "zındıq" ifadəsini işlədir. Bu söz ərəblərdə əvvəllər İslam dininə mənsub olan və sonra dinində dəyişiklik edən bir adam üçün nəzərdə tutulurdu. Əbdülhəsən Aşari "Maqalat əl-İslamiyin və iktilaf əl-musallin" kitabında xürrəmilərdən bəhs edərkən, onları "rafizilər" adlandırmışdı. Orta əsrlərdə bu ifadə şiələrə aid edilirdi.

 

Bundan əlavə, Babəkin üsyanı böyük bir ərazini əhatə etdi və müsəlman əhalinin böyük hissəsi tərəfindən dəstəkləndi. Orta əsr ərəb tarixçiləri Babək tərəfdarlarını ateistlər kimi təqdim etsələr də, müsəlmanların ateistləri dəstəklədiyini təsəvvür etmək çətindir. Hətta Xəlifənin İslamı qəbul edən yerli valiləri də qiyama qoşulmuşdu. Müsəlmanlar bütpərəstlərlə ittifaqa girə bilərdilərmi? Əlbəttə ki, yox!

 

Babəkin tərəfdarları hesab edirdilər ki, Abbasilər hakimiyyəti qəsb ediblər, əslində hakimiyyət Məhəmməd peyğəmbərin ailəsinə verilməli idi. Yəni Babək İslama qarşı deyil, ədalətin təntənəsi uğrunda mübarizə aparıb. O dövrün saray tarixçilərinin səyi sayəsində Babək müsəlman dininə qarşı mübarizə aparan bütpərəst kimi təqdim edildi.

 

Daha irəli gedəriksə, Babayan erməni kimi təqdim etdiyi alban feodalı Səhl ibn Sumbatın bir zamanlar müttəfiqinə xəyanət edərək, Babəki ərəblərə 1 milyon dirhəm müqabilində təhvil verdiyinə görə utanmalıdır. Babayan səlib yürüşləri zamanı ermənilərin addımlarını da xatırlamalıdır. Məsələn, səlibçilərin Antioxiyanı ələ keçirməsi yerli ermənilərin xəyanəti ilə əlaqədar idi. Daha sonra monqolların işğalı zamanı ermənilər müsəlman torpaqlarının fəth edilməsində birincilərə fəal kömək etdilər.

 

Ermənilərin bu davranışı Birinci Dünya müharibəsi zamanı da təkrarlandı. Onlar müsəlman hamiləri - Osmanlı Sultanına xəyanət etdilər. Bu faktlar göstərir ki, Avropanın qarşısında ermənilər özlərini müsəlmanlara qarşı xristianlığın forpostu kimi göstərirlər və ərəb ölkələrində - Babəkdən İslamın xilaskarları kimi. Əslində söhbət soyuqqanlı bir xəyanətdən gedir. Babayanın açıqlamaları da bunun bir daha təsdiqidir.

Müəllif: Asif Aydınlı