Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana gəlib
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində ikitərəfli dialoqda iştirak etmək üçün Azərbaycana gəliblər.
AYNA.AZ xəbər verir ki, nümayəndə heyəti sərhədi quru yolu ilə keçərək sərhədin delimitasiya və demarkasiya olunmuş hissəsindən keçib və bütün zəruri sərhəd və pasport prosedurlarını yerinə yetirib.
İki ölkənin nümayəndələri 10-12 aprel tarixlərində keçiriləcək növbəti “dəyirmi masa”da iştirak edəcəklər.
Dialoq 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli zirvə görüşündə təsdiq edilmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.
Görüş zamanı tərəflər sülh prosesinin hazırkı vəziyyətini, “Sülh Körpüsü” təşəbbüsü iştirakçılarının öz ölkələrindəki fəaliyyətini və regiondakı vəziyyəti müzakirə edəcəklər.
Ayrı-ayrı sessiyalar ictimai səviyyədə sülhün təşviqinə və sülh prosesinin sonrakı mərhələlərində etimadın yaradılmasına həsr olunacaq.