Ərdoğana qarşı Qərb-müxalifət ittifaqı: Türkiyə lideri bu “raundu” da qazana biləcəkmi?

Siyasət

11.06.2022 - 10:23

Deputat: “Türkiyədə keçiriləcək prezident seçkilərinə çox ciddi hazırlıq gedir”

Politoloq: “ABŞ-ın məqsədi Türkiyə müxalifətini dəstəkləmək və seçkilərdə onların qələbəsinə nail olmaqdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı həmkarı Nikolas Maduro ilə birgə mətbuat konfransı zamanı maraqlı açıqlamalarla çıxış edib. O, Yunanıstan və Fransa ilə yaşanan gərginlikləri xatırladaraq, İsveç və Finlandiyanın NATO-ya üzv olmasını məhz bu səbəbdən istəmədiklərini bildirib.

Türkiyə lideri Yunanıstandakı ABŞ hərbi bazalarının Rusiyaya qarşı qurulduğuna inanmadığını da vurğulayıb: “NATO nöqtəsində biz keçmişdə Yunanıstanla yaşadıqlarımızı, Fransa ilə yaşadıqlarımızı indi bunlarla yaşamaq istəmirik. Yunanıstana bizim sələflərimiz yol verdilər, Fransaya da... Yunanıstanda ABŞ-ın 9 bazası yaradılır. Bunu kimə qarşı edirlər? Rusiyaya qarşı deyirlər... Bağışlayın, amma buna heç kim inanmır”.

Ərdoğan Türkiyənin Egey dənizindəki haqlarından vaz keçməyəcəyi bəyan edib: “Adaların silahlandırılması mövzusunda beynəlxalq razılaşmaların bizə verdiyi səlahiyyətlərdən istifadə etməkdən də çəkinməyəcəyik. Yunanıstana bir əsr öncə olduğu kimi, peşmanlıqla nəticələnəcək xəyallardan, çıxışlardan və fəaliyyətlərdən uzaq dayanmaq və ağlını başına toplamaq barədə xəbərdarlıq edirik. Özünə gəl”.

Bu arada Türkiyədə dolların məzənnəsi daha bir psixoloji baryeri aşıb. Artıq bir dolların qiyməti 17 lirəni keçib. Bu, 2021-ci ilin dekabrından bəri ən yüksək göstərici hesab olunur. Analitiklər ABŞ və Qərbin Türkiyəyə qarşı təzyiqlərə başladığını, bunun əsas səbəbini isə rəsmi Ankaranın Rusiyaya qarşı sanksiyalara qoşulmaması, İsveç və Finlandiyanın NATO-ya üzv olmasına qarşı çıxması ilə əlaqələndirirlər.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, gələn il Türkiyədə keçiriləcək prezident seçkilərinə çox ciddi hazırlıq gedir: “Seçkilərə bir il zaman qalsa da, artıq Türkiyə müxalifəti birləşməyə, vahid namizədlə seçkilərə qatılmağa çalışır. Aydın şəkildə görünür ki, onlar ABŞ-ın və Qərbin dəstəyinə ciddi şəkildə arxalanırlar. Ərdoğan iqtidarına qarşı siyasi güclər birləşməkdədir və əsas məqsədləri AKP iqtidarını yola salmaqdır. Bunun üçün əllərindən gələn hər şeyi edirlər. Heç şübhəsiz, bu məsələdə qeyd etdiyim kimi, ABŞ və Qərbin də barmağı var və onlar Türkiyə müxalifətinə ən yüksək səviyyədə dəstək nümayiş etdirirlər”.

Onun sözlərinə görə, ABŞ-ın Yunanıstana dəstəyi də bu prosesin tərkib hissəsidir: “Beynəlxalq güclər bütün mümkün vasitələrdən istifadə edirlər ki, gələn il Ərdoğan məğlub olsun və onun hakimiyyətinə son qoyulsun. Tarixdən bilirik ki, ABŞ və Qərb Türkiyəyə qarşı daim təzyiq siyasətindən istifadə edib. Həmişə istəyib ki, Türkiyə onun vassalı olsun”.

“Ərdoğan iqtidara gələndən sonra isə Türkiyənin daxili və xarici siyasətində ciddi dəyişikliklər baş verib. Ölkə ciddi inkişaf yolu keçib, iqtisadi və sənaye imkanlarını artırıb, xarici siyasətdə müstəqil mövqe tutub. Bu isə Qərbi ciddi şəkildə narahat edir. Xüsusilə Rusiya, İsveç və Finlandiya məsələsində Türkiyənin yürütdüyü siyasət xarici dairələri qane etmir”, - deyə deputat bildirib.

Məhəməliyev AKP iqtidarının yürütdüyü siyasətun Türkiyənin mənafeyinə uyğun olduğu qənaətindədir: “Əslində bu gün yürüdülən siyasət Qərbin özünü də qane etməlidir. Lakin buna baxmayaraq, Türkiyəni öz əlaltıları rolunda görmək istəyirlər. Yunanıstan məsələsində Amerika və Qərbin yürütdüyü siyasət indiyə qədər imzalanmış müqavilə və öhdəliklərə ziddir. Yunanıstan Amerikanın Türkiyəyə qarşı təzyiq siyasətində əsas alətlərdən biridir. Düşünmürəm ki, Qərb Türkiyədə istədiyinə nail olacaq. AKP iqtidarı dəfələrlə sübut edib ki, bu cür təxribatlarla Türkiyəni geri çəkilməyə vadar etmək mümkün deyil”.

Politoloq Fərhad Məmmədov da AYNA-ya açıqlamasında söyləyib ki, son dövlər Vaşinqton-Afina yaxınlaşması təsadüfi deyil: “Birmənalı şəkildə söyləmək olar ki, bu, ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsindən qaynaqlanır. Burada yaxınlaşma deyərkən Amerika ilə Yunanıstan arasında hərbi sahədə müttəfiqliyin dərinləşdirilməsindən söhbət gedir. Adalarda yaranan problemlər, adaların militarizasiyası, yəni, silahlandırılması Türkiyəni narahat edir”.

“Bu günə qədər imzalanan bütün qarşılıqlı müqavilələrdə qeyd olunur ki, bu adalar silahlandırıla bilməz. Hazırda isə bu öhdəliklər pozulur və Türkiyənin təbii haqqıdır ki, buna öz kəskin etirazını bildirsin. Yunanıstan rəhbərinin ötən ay ABŞ-a baş tutan səfəri zamanı F-16-ların Türkiyəyə deyil, Yunanıstana verilməsi ilə bağlı çağırışları olub. Öz növbəsində bu çağırışlar Türkiyədə çox ciddi etirazla qarşılanıb. Türkiyə NATO çərçivəsində ABŞ və Yunanıstanla müttəfiq olsa da, hazırda bu rəqabət təhlükəli bir səviyyəyə qədər gəlib çatıb”, - deyə analitik diqqətə çatdırıb.

Gələn il Türkiyədə keçiriləcək seçkilərə Qərbin təsir imkanlarından danışan müsahibimizin fikrincə, ABŞ-ın məqsədi Türkiyə müxalifətini dəstəkləmək və seçkilərdə onların qələbəsinə nail olmaqdır: “NATO üçün Türkiyə vacib bir ölkədir. Bu, ilk növbədə Türkiyənin hərbi qüdrəti, Qara dəniz və Yaxın Şərq bölgələri ilə bağlıdır. ABŞ-la Yunanıstan arasında müttəfiqliyin əsas məqam da Türkiyəni əvəzləmək üçün yeni bir məkan formalaşdırmaqdır. Digər tərəfdən Türkiyə rəhbərliyinin müstəqil xarici siyasət yürütməsi, Rusiya, Finlandiya və İsveç məsələsində tutduğu mövqe Amerikanı vadar edir ki, Türkiyədə alternativlər axtarışına çıxsın”.

“Şübhəsiz ki, bu əsnada əsas diqqət 2023-cü ildə Türkiyədə baş tutacaq seçkilərə yönəlib. Vaşinqton və Qərb çalışacaq ki, gələn il keçirilən seçkilərdə Türkiyə müxalifəti vahid namizədlə çıxış etsin. Yəni, Ərdoğanın məğlub olması üçün ciddi səy göstərəcəklər. Lakin bu gün Ərdoğanın yürütdüyü siyasət Türkiyənin maraqlarına tam uyğundur. O cümlədən Türkiyə Prezidenti təcrübədə dəfələrlə sübut edib ki, fors-major hallardan yayınmaq qabiliyyətinə və məharətinə sahibdir. Ancaq hadisələr o qədər sürətlə inkişaf edir ki, qəti proqnoz vermək mümkün deyil”, - deyə Məmmədov fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev