“Ərdoğan, yoxsa Kılıcdaroğlu” sualı dəyişdi: İmamoğlu, yoxsa Kılıcdaroğlu?

Siyasət

14.06.2023 - 10:24

Deputat: “Kılıcdaroğlu sədrlikdən getməsə, CHP aparıcı müxalifət partiyası olaraq yerini digər partiyaya verəcək”

Politoloq: “Kim olur-olsun, Türkiyə siyasətində canlanma yaratmaq mümkün olmayacaq”

Türkiyədə keçirilən son prezident və parlament seçkilərindən sonra aparıcı müxalifət partiyası hesab olunan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun istefası ilə bağlı müzakirələr gündəmə gəlib. Bəzi müxalifət təmsilçiləri iddia edirlər ki, hakim “Cümhur İttifaqı”nın qələbə qazanmasına səbəb partiya sədrinin gənclərə yol açmaması, öz namizədliyi məsələsində israr etməsi olub.

Kılıcdaroğlunun vahid namizədliyi ilə bağlı qərar verilərkən “Millət İttifaqı”nda təmsil olunan İYİ Partiya sədri Meral Akşener “Bizim namizədimiz ya Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mansur Yavaş, ya da İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu olmalıdır” deyərək bu qurumu tərk etdiyini bəyan etmişdi. Sonradan “Millət İttifaqı”na geri dönən Akşener Kılıcdaroğlunun seçki təbliğatında fəal iştirak etdi.

Bu arada Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun CHP sədrliyinə namizədliyi müzakirə olunur. İmamoğlunun özü də bu təklifin lehinə olduğunu açıqlayıb və deyib ki, dəyişikliklərin olmasında qərarlıdır: “Mən dəyişikliyə dair fikrimdə qəti qərarlıyam. Bu, bizim partiyada da olmalıdır ki, ölkədə fərdlərdən asılı nizam deyil, daimi demokratiya nizamı mövcud olsun. İstanbuldakı dəyişiklik çox yaxşı nəticə verdiyi kimi, siyasətdə, xüsusən də müxalifətdə baş verən bu dəyişikliyin və öz partiyamdan başlayan bu qığılcımın Türkiyə üçün çox yaxşı nəticə verəcəyinə əminəm. Televiziya ekranları və ya mikrofonlar vasitəsi ilə ardıcıl mövqeyimlə yanaşı, ekranlar vasitəsi ilə siyasi partiyamın sədrinə və ya üzvlərinə mesaj göndərməyi də yanlış hesab edirəm. Mənim namizəd olduğum tək bir şey var: ölkəmizdə eynilə İstanbulda olduğu kimi böyük bir dəyişiklik istəyirəm”.

İmamoğlunun bu açıqlaması onun CHP liderliyinə iddiası kimi qiymətləndirilir. Görəsən, onun partiya rəhbəri seçilməsi CHP-nin fəaliyyətində hansı dəyişikliklərə gətirib çıxara bilər?

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, Türkiyə ictimaiyyəti tarixi siyasi qərarını elan edib: “İstər prezident, istərsə də parlament seçkilərində Türkiyə seçiciləri hakim “Cümhur İttifaqı”na etimad göstərdi. Hesab edirəm ki, bu, Türkiyənin öz müstəqil gələcəyinə növbəti investisiya qoyuluşu idi. Məhz Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və praqmatik siyasəti nəticəsində Türkiyə bu gün dünyanın aparıcı diplomatik oyunçularından biridir. NATO çərçivəsində ABŞ və Qərb dövlətləri ilə müttəfiqlik etsə də, digər dövlətlər kimi, Qərbin tapşırıqlarını qeyd-şərtsiz icra etmir. Müstəqil və balanslaşdırılmış xarici siyasət kursu Türkiyənin güclənməsinin təminatçısı rolunda çıxış edir”.

“Seçkiöncəsi Türkiyəyə qarşı təzyiqlər gücləndi. Çünki maraqlı dairələr onların iradəsinə tabe olmayan Türkiyə iqtidarını qəbul etmək istəmirdilər. Türkiyə müxalifətinə ciddi dəstək nümayiş olundu, hətta aparıcı müxalifət partiyaları bir araya gələrək vahid namizədini elan etdi. Lakin bütün bu təzyiqlər nəticəsiz qaldı. Heç şübhəsiz, bu qələbə Türkiyədə ənənəvi siyasətin davamı, eləcə də müxalifətin növbəti dəfə məğlubiyyəti kimi tarixə düşdü”, - deyə deputat bildirib.

Türkiyə müxalifətinin gələcək taleyindən danışan Məhəməlyev Kılıcdaroğlunun istefa verəcəyini ehtimal edir: “Təsəvvür edin ki, bu adam 12 dəfə ardıcıl seçkiyə qatılıb və hamısında da məğlub olub. Bu, bir siyasi lider üçün çox pis göstəricidir və yəqin ki, bundan sonra siyasətdən getməlidir. Əks halda rəhbəri olduğu Cümhuriyyət Xalq Partiyası müxalifət partiyası kimi əhəmiyyətini itirəcək. Ümumiyyətlə, Kamal Kılıcdaroğlunu heç zaman ciddi siyasi xadim kimi qəbul etməmişəm. Düzdür, bu seçkilərdə Kılıcdaroğlu yox, digər namizəd də olsaydı, məğlub olacaqdı. Çünki Türkiyə seçiciləri müstəqil siyasətin davamına səs verdilər. Bu seçkilərdən sonra Türkiyə müxalifəti yenidən dizayn olunacaq. Kılıcdaroğlu sədrlikdən getməsə, CHP aparıcı müxalifət partiyası olaraq yerini digər partiyaya verəcək. Bu baxımdan hesab edirəm ki, bu dəyişiklik qaçılmazdır və baş verəcək”.

Politoloq Zərdüşt Əlizadə isə proseslərə bir qədər fərqli yanaşır. Onun AYNA-ya dediyinə görə, CHP-də indiki sədrlik davası “toydan sonra nağara” əhavlatına bənzəyir: “Türkiyədə seçkilər başa çatıb. Bütün müxalifət birləşdi və Ərdoğana qarşı Kılıcdaroğlunu rəqib çıxardı. Xaricdən də müəyyən dəstək aldılar. Normal seçki kampaniyası da apardılar. Lakin məğlub oldular”.

“İndi deyirlər ki, guya Kılıcdaroğlu olmsayadı, müxalifət udacaqdı. Heç bir fərqi olmayacaqdı. Türkiyə seçicilərinin təxminən yarıdan bir az çoxu Ərdoğana dəstək göstərir. Bu, onun və komandasının elektoratıdır. Nisbət də buna uyğun tənzimləndi”, - deyə analitik söyləyib.

Əlizadənin fikrincə, son seçkidə müxalifətdə hansı namizədin olmasından asılır olmayaraq, nəticələr indikidən çox da fərqlənməyəcəkdi: “İndi də “CHP-nin sədri kim olsun” dartışması açılıb. Kim olur-olsun, nə dəyişəcək ki?! İstəyir Kılıcdaroğlu olsun, istəyir İmamoğlu, Türkiyə siyasətində canlanma yaratmaq mümkün olmayacaq. Elə bir dövrdə yaşayırıq ki, insanlar artıq praqmatikdir. Onları gəlişigözəl sözlərlə aldatmaq, şirnikləndirici vədlərlə yanında saxlamaq mümkün deyil”.

Müəllif: Azər Niftiyev