“Ərazi bütövlüyümüz bərpa olunanadək biz bunu edəcəyik” - <font color=red> PREZİDENT</font>

Siyasət

05.10.2020 - 00:17

İlham Əliyev: “Biz özümüzü müdafiə etməli idik”

 

“Mən həllin danışıqlar vasitəsilə olduğunu düşünürəm. Lakin danışıqların məğzi olmalıdır. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” deməsi münaqişənin həlli prinsiplərini faktiki olaraq məhv etdi. Çünki həmsədr ölkələr - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa olan ATƏT-in Minsk Qrupu danışıqlar zamanı illər ərzində münaqişənin həlli üçün prinsipləri hazırlayıblar. Regionumuzda dayanıqlı sülhə nail olmaq üçün birinci addım işğal olunmuş ərazilərin boşaldılmasıdır”.

 

AYNA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə “Əl-Ərəbiyə” telekanalına müsahibəsində aparıcının həll yolu barədə sualına cavabında bildirib.

 

“İki il bundan əvvəl dövlət çevrilişi və Corc Soros tərəfindən maliyyələşdirilmiş dırnaqarası inqilab nəticəsində hakimiyyətə gəlmiş Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə o danışıqların məğzini məhv etdi. Danışılası heç bir şey qalmır. Buna görə Ermənistanda hakimiyyətdə olan baş nazir öz destruktiv davranışı, hərbi toqquşmaya gətirib çıxarmış hərəkətləri barədə ciddi şəkildə düşünməlidir. Biz 28 ildir ki, danışıqlar prosesində idik və mənim Ermənistanın iki sabiq prezidenti ilə danışıqlar təcrübəm var idi. Biz həll yolunu tapmaq üçün nisbətən məqbul şəkildə işləyirdik, biz kiçik addımlar atırdıq. Biz vasitəçilərlə birlikdə münaqişənin həlli üçün əsas prinsipləri işləyib hazırlayırdıq. Sonra iki il bundan əvvəl siyasi həyatda heç bir təcrübəsi olmayan, bütün həyatı boyu hətta kiçik bir şirkətin rəhbəri olmayan, geosiyasət, beynəlxalq münasibətlər haqqında heç bir anlayışı olmayan, küçədən olan bir şəxs hakimiyyətə gəlir və öz ölkəsini dağıtmağa başlayır”, - deyə Əliyev vurğulayıb.

 

Ölkə başçısı bildirib ki, danışıqların formatı Azərbaycan və Ermənistandır, bu, iki ölkə arasında münaqişədir: “Ermənistanın baş naziri bu formatın qəbuledilməz olduğunu və Azərbaycanın Ermənistanın özü də daxil olmaqla heç bir dünya ölkəsinin tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır dedi. Bu, danışıqları pozmaq üçün qəsdən edilmiş bir hərəkət idi, çünki o, bilirdi ki, nə biz, nə də vasitəçilər bunu qəbul etməyəcək”.

 

“Sonra Paşinyan dedi ki, “Qarabağ Ermənistandır”. Bunu onun sələflərindən heç biri deməmişdi. Onların heç biri. Çünki bu, danışıqların sonu deməkdir. Çünki danışıqların mahiyyəti ərazini sülh yolu ilə, danışıqlar vasitəsilə Azərbaycana qaytarmaq və sonra Dağlıq Qarabağda azərbaycanlı və erməni icması arasında normal birgəyaşayışı təmin etməkdir. Çünki müharibədən əvvəl, Ermənistan bizim ərazilərimizi işğal etməzdən əvvəl, Dağlıq Qarabağ əhalisinin 25 faizi azərbaycanlılar idi. Lakin bu gün Dağlıq Qarabağla yanaşı, erməni əhalinin mövcud olmadığı, 700 mindən çox azərbaycanlının yaşadığı Dağlıq Qarabağ ətrafındakı yeddi rayon işğal altındadır. Onların hamısı didərgin düşüb, evlərinin hamısı dağıdılıb. Bütün tarixi abidələrimiz, o cümlədən məscidlərimiz erməni barbarları tərəfindən dağıdılıb və indi biz irəliləyişə yaxınlaşdığımız bir vaxtda, Ermənistan hökumətində dəyişiklik olur, siyasətlə heç bir əlaqəsi olmayan yeni insanlar, yeni komanda hakimiyyətə gəlir, bu destruktiv bəyanatları verir və addımları atır, bizə qarşı hərbi təcavüzə başlayır. Biz nə etməli idik? Biz özümüzü müdafiə etməli idik. Biz məhz bunu etdik və ərazi bütövlüyümüz bərpa olunanadək biz bunu edəcəyik”, - deyə Prezident qeyd edib.

Müəllif: Ayna.az