Ər-Toğrul Kamal: “Yenidən dirçəldim, özünə gəldim”

Mədəniyyət

14.11.2020 - 23:00

“Bildiyim həqiqət budur ki, eşqlə gördüyün hər iş böyük nəticələrə səbəb olur”

 

COVID-19 (koronavirus) pandemiyası ilə əlaqədar Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi müddətində, aktyor və rejissor Ər-Toğrul Kamalov maraqlı layihə həyata keçirdi. Belə ki, o, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara cəmiyyətin reaksiyasını əks etdirən videoçarxlar hazırlayır, filmləri dublyaj edərək sosial şəbəkələrdə paylaşırdı. Və bu videolar qısa zamanda böyük populyarlıq qazandı.

 

Beləliklə, AYNA-nın həmsöhbti Ər-Toğrul Kamaldır:

 

- Aktyor sənəti üzrə təhsil almışam. Özümü belə təqdim edərdim: Vaqif İbrahimoğlunun tələbəsi - rejissor, özü isə dublyaj edən adam. Özümə dublyaj ustası deyə bilmərəm. Ustadlardan ayıbdır.

 

- Etiraf edin ki, illərlə teatrda can qoysanız da, dublyajlarınız ilə qısa biz zamanda tanındınız.

 

- Bildiyim həqiqət var: eşqlə gördüyün hər iş böyük nəticələrə səbəb olur. Düzdür teatra da eşqlə yanaşmışam, amma dublyaj sosial mediadan daha çox yayıma sahibdir deyə yəqin ki, belə oldu.

 

- Dublyajlar sizə məşhurluq gətirdi. Bu məşhurluq həyatınızda nəyi dəyişdi?

 

- Məşhurluq da, digər nələrsə də müvəqqəti olan şeylərdir. Ən əsası mənə güc verdi və elə pandemiya dövründəki evdə oturub istər-istəməz sıxılan Ər-Toğrul yenidən dirçəldi, mənəvi baxımdan özünə gəldi. Daha çox filmlərə baxmağa başladım, daha çox dublyaj etməyə və bu istiqamətdə özümü püxtələşdirməyə vaxt ayırdım. Və beləliklə həyatımda müsbət anlamda mənəvi baxımdan və düşüncə kontekstində dəyişikliklər oldu.

 

- Bu cür dublyajların ardı gələcək? Yoxsa “həvəsdi-bəsdi” deyəcəksiniz?

 

- Əlbəttə, ardı gələcək. Həvəs deyildi ki, əksinə bu, kifayət qədər zəhmət tələb edən işdir və xüsusi diqqət ayırıram bu işimə. Ona görə də davamı olacaq. Qeyd edim ki, dublyaj mənim üçün yeni sahə deyil. Mən bu dublyajlardan əvvəl də, sonra da film dublyajı sahəsində çalışmışam. Sadəcə olaraq mövcud vəziyyətlə əlaqədar film dublyajlarına ara verilib.

 

- Vətən müharibəsi mövzusu ilə bağlı dublyaj edirsiz?

 

- Əlbəttə. Videolar hər kəs tərəfindən yüksək qiymətləndirilir deyə çox sevinirəm. Orduya dəstək kampaniyaları, eyni zamanda teatr olaraq biz də Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə köçürdük. Direktorumuz dəyərli Əliqismət Lalayevin təklifi ilə kollektiv olaraq Fonda köçürmə etdik.

 

- Bəziləri şərh yazırdı ki, “Ər-Toğrula dublyajlarının sayəsində teatrda vəzifə verildi”. Bu, doğrudurmu?

 

- Mən 2015-ci ildə Dərbənd Azərbaycan Dövlət Dram Teatrında baş rejissor olanda heç bir dublyajla tanınmaq məsələsi yox idi. Bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də islahatlar keçirilir və bu proseslərdə mən də müasir gənc olaraq yer alıb işlə təmin olunmuşam. Dövlətimiz məni də bu vəzifəyə layiq gördüyü üçün təşəkkür edirəm.

 

- YUĞ teatrının ruhunu Akademik Musiqili Teatrda görə biləcəyik?

 

-YUĞ teatrının ruhunu hər saniyə sadiq tələbələrinin işlədiyi yerlərdə görə bilərsiniz. Amma Akademik Musiqili Teatrın öz dəsti-xətti var və bu dəsti-xətt qorunacaq. Mən hər zaman bu teatrın akademik statusunun akademik səviyyədə saxlanılması üçün əlimdən gələni edəcəyəm.

 

- Bir neçə il öncə siz Çinarə Məlikzadənin, sonra isə Nadir Qafarzadənin prodüseri kimi də fəaliyyət göstərirdiniz. Bu iş birliyi davam edir?

 

- Nadir Qafarzadə ilə hər zaman işlərimiz davam edir. Hətta, kliplərini də mən çəkirəm.

 

- Akademik Musiqili Teatrda qarşıda hansı layihələrlə bizi sevindirəcəksiniz?

 

- Əslində, maraqlı bir neçə iş planımız var idi. Amma Qarabağ savaşımızla bağlı bütün işləri kənara qoyub, Vətənin müharibəsində arxa cəbhədə çalışdıq. İnşallah, ərazilərimizin mənfur düşməndən tam azad ediməsi prosesi başa çatdıqdan sonra da qürurla işlərimizi davam edəcəyik.

Müəllif: Təranə Xudabaxşiyeva