Görüş dəyirmi masa formatında keçiriləcək: rəqəmsal mühitdə uşaqların qorunması mövzusuna həsr olunacaq
Türkiyə Prezidentinin həyat yoldaşı Əminə Ərdoğan NATO sammitində iştirak etmək üçün Ankaraya gələcək dövlət və hökumət başçılarının xanımları ilə görüşəcək. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, görüş "Uşaqlar, texnologiya və təhlükəsizlik: gələcək nəslin qorunması" mövzusunda dəyirmi masa formatında keçiriləcək.
36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı 7 iyul çərşənbə axşamı günü Ankarada başlayır. Bu tədbir çərçivəsində Türkiyə liderinin həyat yoldaşı 8 iyulda Çankaya sarayında liderlərin həyat yoldaşlarını qəbul edəcək.
Saraya çatdıqdan xanım Ərdoğan 20-dən çox dövlət və hökumət başçısının həyat yoldaşlarının hər birini şəxsən qarşılayacaq. Qarşılama mərasimindən sonra Ərdoğan və liderlərin həyat yoldaşları "Uşaqlar, texnologiya və təhlükəsizlik: gələcək nəslin qorunması" mövzusunda dəyirmi masa müzakirəsi keçirəcəklər.
NATO sammiti çərçivəsində təşkil edilən görüşün fikir mübadiləsi üçün platforma təmin etməsi və uşaqları rəqəmsal dünyanın təhlükələrindən daha effektiv şəkildə qorumaq üçün birgə səylərin gücləndirilməsinə töhfə verməsi gözlənilir. Görüşün məqsədi uşaqların rəqəmsal mühitdə üzləşə biləcəyi risklər barədə məlumatlılığı artırmaq, bu məsələdə maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirmək və müttəfiq ölkələrin uğurlu təcrübələrini bölüşməkdir.
Bundan əlavə, görüşdə rəqəmsal siyasət və təcrübələrin formalaşdırılması zamanı uşaqların inkişafını nəzərə alan insan hüquqlarına və dəyərlərə əsaslanan yanaşmanın vacibliyini vurğulamaq və balanslaşdırılmış, mütənasib və yaşa uyğun qoruyucu mexanizmlərin inkişafına töhfə vermək gözlənilir.