Ailə başçısını itirməyə görə əmək pensiyası alanların sayı 138 min 767 nəfərə düşüb
Azərbaycanda 2021-ci il yanvarın 1-dən 2026-cı il iyulun 1-dək əlilliyə görə əmək pensiyası alanların sayı 373 809 nəfərdən 245 187 nəfərə enib. Bu, 128 622 nəfər və ya 34.4 faiz azalma deməkdir. AYNA.AZ xəbər verir ki, bu göstəricilər Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.
Sənəddə göstərilən məlumatlara əsasən, həmin dövrdə ölkədə əmək pensiyaçılarının ümumi sayı 1 228 829 nəfərdən 1 099 979 nəfərə düşüb. Beləliklə, beş il yarım ərzində pensiyaçıların sayı ümumilikdə 128 850 nəfər və ya 10.5 faiz azalıb.
Bu azalmanın 128 622 nəfəri əlilliyə görə əmək pensiyası alanların payına düşüb. Göstəricilərin müqayisəsinə əsasən, həmin kateqoriya ümumi azalmanın 99.8 faizini təşkil edib.
Digər pensiya növləri üzrə say göstəriciləri isə cüzi dəyişib. Yaşa görə əmək pensiyası alanların sayı 716 222 nəfərdən 716 025 nəfərə enib. Bu kateqoriyada azalma 197 nəfər və ya təxminən 0.03 faiz olub.
Ailə başçısını itirməyə görə əmək pensiyası alanların sayı isə 138 798 nəfərdən 138 767 nəfərə düşüb. Azalma 31 nəfər və ya təxminən 0.02 faiz təşkil edib.
Rəydə əlilliyə görə əmək pensiyası alanların sayındakı azalmanın səbəbləri ayrıca açıqlanmır.