“Tehran Yaxın Şərqin ən vacib logistika arteriyasını bağlamaqdan böyük qazanc əldə edəcək”
“Hörmüz boğazına nəzarət İran üçün orta müddətli dövrdə neft ixracından iki dəfə çox gəlir gətirəcək”. AYNA.AZ ISNA-ya istinadən xəbər verir ki, İranın hərbi sözçüsü Məhəmməd Əkrəminiya bildirib ki, Tehran Yaxın Şərqin ən vacib logistika arteriyasını bağlamaqdan böyük qazanc əldə edəcək.
O qeyd edib ki, hazırda boğazın qərb hissəsi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələrinin, şərq hissəsi isə yerli ordu əsgərlərinin nəzarəti altındadır.
Əkrəminiya əlavə edib ki, regionda belə bir güc balansı ölkəyə əhəmiyyətli iqtisadi fayda gətirməklə yanaşı, həm də qlobal miqyasda və Yaxın Şərqdə geosiyasi təsirini gücləndirəcək.
“İranın hərbi mövcudluğu ABŞ-ın Fars körfəzindəki bazalarında hərbi infrastrukturu yenidən qurmasına mane olacaq. Bu, Tehranın əsas xarici siyasət maraqlarına uyğundur”, - deyə qeyd edib.
"Bloomberg" martın ikinci yarısında İran hakimiyyətinin bəzi ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsi üçün rüsum almağa başlayacağını yazmışdı. Xarici gəmilərin sulardan təhlükəsiz keçməsi üçün rüsum hər səfər üçün 2 milyon dollara qədər olacaq.
Bir ay sonra İran bu rüsumlardan ilk gəlirini aldığını elan etdi. Yerli parlamentin sədr müavini Həmidrza Hacı Babainin sözlərinə görə, vəsait yerli Mərkəzi Bankdakı hesaba köçürülüb. Lakin o, dəqiq məbləği açıqlamayıb.