Əfqanıstanda təhlükə, Qarabağda ehtiyac: qızılbaşları ölkəmizə qaytaraq - <font color=red> FOTOLAR</font>

Aktual

18.08.2021 - 17:29

Qarabağlıların kütləvi şəkildə Əfqanıstandan öz vətənlərinə qaytarılması mümkündürmü?

 

Hazırda dünya ictimaiyyətinin bütün diqqəti Əfqanıstana yönəlib. “Taliban” hərəkatı bu ölkədə hakimiyyəti ələ keçirdi. Bu radikal təşkilat hər yerdə öz qaydalarını qurur və hətta ölkəni Əfqanıstan İslam Əmirliyi adlandırmaq niyyətindədir.

 

Təhlükəsizliyindən qorxan insanlar tələsik ölkəni tərk edirlər. Öz növbəsində, ABŞ qoşunlarını ölkədən çıxardıqdan sonra, Əfqanıstanın qonşuları da daxil olmaqla, beynəlxalq ictimaiyyəti ölkədən qaçqınları qəbul etməyə və “Taliban” hərəkatını isə hər kəsin getməsi üçün bir şərait yaratmağa çağırdı.

 

Ekspertlərin fikrincə, Əfqanıstanda vəziyyətin sabitləşməməsi təkcə qonşu ölkələrə deyil, Avropaya da tənzimlənməyən miqrasiya axınlarına səbəb ola bilər. Bu neqativ fonda Azərbaycan diasporunun Əfqanıstandakı nümayəndəsi Fərid Şabanpur mediaya Herat şəhərində yaşayan etnik azərbaycanlıların təhlükə altında olduğunu açıqladı.

 

Diaspora adından danışan Şabanpur Azərbaycandan bu adamları Əfqanıstanda vəziyyət sabitləşənə qədər bir müddət çıxarmasını xahiş etdiyini söylədi, “Kömək istəyəcək başqa heç kimimiz yoxdur” dedi.

 

Onun sözlərinə görə, təxminən 16 min etnik azərbaycanlının yaşadığı, Əfqanıstanın üçüncü ən böyük şəhəri olan Herat şəhəri “Taliban” tərəfindən tutulub. Yerli məlumatlara görə, Əfqanıstanda təxminən 50 min etnik azərbaycanlı yaşayır və onlara burada qızılbaşlar deyilir.

 

Qeyd: Vikipediya məlumatlarına əsasən, Əfqanıstandakı qızılbaşlar Azərbaycan etnik qrupunun bir hissəsidir və Əfqanıstanın etnik azlığı olan etnik qrup əfşarlar kimi də tanınır. Sovet Etnoqrafiyası, BDT və Joshua Layihəsinə görə, Əfqanıstan qızılbaşlarının əsas dili dari dilidir. Kabil yaxınlığında (şimal hissəsi) və paytaxtın Çanduli məhəlləsində, həmçinin Herat şəhərində yerləşən qızılbaşlar Azərbaycan dilinin bir ləhcəsində danışırlar. Əfqan məlumatlarına görə, qızılbaşlar Kabil, Qəzni, Qəndəhar və daha bir neçə şəhərdə yaşayırlar. Ən savadlı qruplar arasında olduqlarından dövlət strukturlarında sıx təmsil olunurlar.

 

Əlavə edək ki, Əfqanıstan qızılbaşları bir neçə qrupa bölünür: əfşarlar, cəvanşirlər və muradxanilər, eləcə də bayatlar, şahsevenlər, şamla, ansarlu və şah ağası tayfaları. Cavanşirlərin əsli Şuşadən gəlir və qızılbaşların böyük hissəsini təşkil edirlər. Qızılbaşlar Nadir şahın tarixi Hindistan yürüşündən (1738-1739) sonra Əfqanıstan ərazisində məskunlaşmağa başladılar. Müasir Əfqanıstanın təməli olan Durrani İmperatorluğunun qurucusu Əhməd Şah Durrani (1722-1772) qızılbaşları hərbi xidmətə cəlb etdi. Sonradan qızılbaşlar Əfqanıstan hökmdarlarının dayağı oldular və Əfqanıstanın inkişafına nəzərəçarpacaq təsir göstərən ölkənin ziyalı və işgüzar elitasına çevrildilər.

 

Ancaq Əfqanıstanın müasir tarixində qızılbaşların taleyi faciəli oldu. Nüfuzlu səhra komandirlərinin rəhbərliyi ilə “Taliban” və dağınıq mücahid dəstələri arasında gedən vətəndaş müharibəsi dövründə (1992-1996) Əfşar bölgəsinin ələ keçirilməsi zamanı qızılbaş qətliamı baş verdi. Bu faciə “Taliban” tərəfindən ölkənin bütün ərazisinə nəzarət edilməsi ilə təhlükəsizliyindən narahat olan bir çox qızılbaşların yaddaşında qalıb.

 

Bu kədərli fakt Əfqanıstandakı Azərbaycan diasporunun Azərbaycana müraciətini aktuallaşdırır. Yuxarıda qeyd edildiyi kimi, Əfqanıstandakı etnik azərbaycanlılarının bir qisminin kökü Qarabağdan gəlir. Əfqanıstanın Qəzni əyalətində hətta Cənubi Qafqazda bu ərazidən etnik azərbaycanlıların buraya köçürülməsi ilə birbaşa bağlı olan Qarabağ adlı bir şəhər də var. Sırf hipotetik olaraq, Azərbaycan hakimiyyəti qızılbaş ailələrinin işğaldan azad edilmiş ərazilərimizdə yerləşdirilməsi ilə maraqlana bilər.

 

Bundan əlavə, beynəlxalq birlik Əfqanıstan xalqının taleyinə biganə qalmamağa çağırır. Bu, Azərbaycana nəinki işğaldan azad edilmiş əraziləri məskünlaşdırmaq imkanı verəcək, həm də beynəlxalq strukturların dəstəyini təmin edəcək. Əsas odur ki, Azərbaycan hakimiyyəti bu imkanı praktiki baxımdan qiymətləndirə bilsin.

 

Hətta Ermənistanın əvvəllər işğal olunmuş Azərbaycan ərazilərinə Suriya ermənilərinin köçürülməsi üçün dövlət proqramı var idi. İndi qızılbaşların 17-ci əsrdən Qarabağda yaşadığını nəzərə alaraq, onları Əfqanıstandan bu bölgəyə yerləşdirməklə Qarabağın azad edilməsini daha da möhkəmləndirmək şansımız var.

 

Azərbaycan hakimiyyətinin Əfqanıstan etnik azərbaycanlılarının müraciətində nə dərəcədə maraqlı olacağını söyləmək çətindir, lakin perspektivlər çox ümidverici görünür. Ən azından 90-cı illərdə “Taliban” terroru ilə qarşılaşan qızılbaşlar üçün...

Müəllif: Asif Aydınlı