Dünyada yeni qaynar nöqtə - Qlobal güclər Arktikada qarşı-qarşıya

Dünya

14.03.2024 - 21:59

NATO narahat, Moskva və Pekin gözləmədə, Vaşinqton hərəkətə keçdi - Savaş riski artır

ABŞ ordusu Arktikada Rusiya və Çinlə potensial hərbi münaqişə üçün əsgər hazırlamağa başlayıb. Bu barədə “Business Insider” məlumat yayıb. Nəşrin qeyd etdiyinə görə, fevral ayında Alyaskada Birgə Sakit Okean Çoxmillətli Hazırlıq Mərkəzində (JPMRC) iki həftəlik təlim keçirilib. Təlimdə 11-ci Hava Desant Diviziyasının 8 mindən çox əsgəri, eləcə də ABŞ-ın beynəlxalq müttəfiqləri iştirak edib.

Tədbir iştirakçıları ABŞ-ın regiondakı düşmənlərinin qarşısını almaq üçün ekstremal şəraitdə “döyüş hazırlığının bərpasının vacibliyini” müzakirə ediblər. Polkovnik  Şon Lukas “Arktikadakı missiya, həddindən artıq soyuq şəraitdə ordumuz, millətimiz və həmçinin düşmənlərimiz üçün vacibdir”, deyə bildirib.

Əsgərlərlə bərabər hərbi həkimlər də təlim keçiblər. “Mən 13 ildir həkiməm və bu, şübhəsiz ki, indiyə qədər yaşadığım ən çətin mühitdir”, deyə hərbçilərdən biri Zakari Börns vurğulayıb. Əlavə edib ki, həddindən artıq aşağı temperatur xəstələrə qulluq etmək və əsgərləri evakuasiya etmək üçün çətinliklər yaradır.

Ötən ilin payızında ABŞ Prezidenti Co Baydenin administrasiyası bir il əvvəl qəbul edilmiş Arktika Strategiyasının İcra Planını (NSAR) nəşr edib. Sənəddə qeyd edilir ki, ABŞ-ın Arktikadakı maraqları milli müdafiə və daxili təhlükəsizlikdən tutmuş kommersiya və elmi fəaliyyətlərə qədər bir çox aspektləri özündə birləşdirir. Strategiya 2032-ci ilə qədər on illik dövr üçün nəzərdə tutulub.

ABŞ Konqresi əvvəllər qeyd edirdi ki, Arktika Rusiya ilə yeni münaqişə mərkəzinə çevrilə bilər. NATO regionda Rusiya və Çin arasında əməkdaşlığın artırılmasından narahatlığını ifadə edib, lakin Arktikanın dərhal qaynar nöqtəyə çevrilməyəcəyini qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin isə ötən ilin dekabr ayında demişdi ki, Arktikanın inkişafı Moskva üçün prioritetdir, çünki region müdafiə, logistika və enerji baxımından vacibdir.

Bundan əvvəl Putin hökuməti Arktika zonasında insanların yaşaması üçün “insani şərait” yaratmağa çağırıb.

“Bizim Arktikada müdafiə və təhlükəsizlik sahəsində çoxlu maraqlarımız var”, - deyə Putin vurğulamışdı.

Beynəlxalq analitiklər hesab edirlər ki, qlobal güclərin yeni toqquşma nöqtəsinin Arktika olacağı istisna deyil. Ekspertlərin qənaətincə, Rusiya və Çinin Arktikaya diqqəti və maraqlarının yaxınlığı ABŞ-ı hərəkətə gətirir. ABŞ-ın bu hərəkətliliyi, təlimlər və əsgər hazırlığı isə Moskva və Pekinin səssizliyi ilə müşahidə olunmayacaq. Bu isə müharibə ehtimalını artıran faktordur.  

Müəllif: Turan Abdulla