Dünya müharibəsinin bir addımlığında: Rusiya ilə NATO arasında toqquşma riskləri artır

Dünya

13.04.2023 - 22:20

Aleksey Çepa: “Finlandiyanın NATO-ya daxil olması Rusiya ilə birbaşa toqquşma riskləri yaradır”

Aleksandr Qruşko: "Rusiya ilə NATO arasında təmas xəttinin 1200 kilometr artması səbəbindən risklər artır"

Finlandiya aprelin 4-də rəsmi olaraq NATO-ya üzv olduqdan sonra Rusiya tərəfindən təhdidlər başlayıb. Xatırladaq ki, Finlandiya 2022-ci ildə hərbi bloka qoşulmaq qərarına gəlib. Ölkə hakimiyyəti buna səbəb Rusiyanın Ukrayna ərazisində işğalçı müharibəyə başlamasını göstərib.

İndi Rusiya tərəfindən Helsinkiyə, eləcə də NATO-ya qarşı təhdid xarakterli bəyanatlar səngimək bilmir. Rəsmi və qeyri-rəsmi səvioyyəfə bildirilir ki, Finlandiyanın NATO-ya üzvlüyü vəziyyəti daha da gərginləşdirəcək. Ekspertlər bildirirlər ki, bu, Rusiya ilə NATO arasında toqquşma riskini artıran faktordur.

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa da bu qənaəti bölüşür. Çepa rus mediasına açıqlamasında bildirir ki, Rusiya ilə NATO arasında birbaşa toqquşma riski Finlandiyanın hərbi bloka daxil olması və bütövlükdə Alyansın genişlənməsi ilə bağlıdır

Duma rəsmisinin sözlərinə görə, hərbi təhdidlərin artması bir çox faktorlarla bağlıdır: “Toqquşma riskləri təkcə Finlandiyanın NATO-ya qoşulmasına görə deyil, eyni zamanda, vəziyyətin qızışması ilə bağlıdır. Vəziyyət Avropa İttifaqı üzvlərinin törətdiyi əməllərə görə qızışır. Rəqiblər nə qədər çox olarsa, vəziyyət bir o qədər gərginləşəcək. Hesab edirəm ki, uzun illər bu məsələdə neytrallığını qoruyan Finlandiya indi təzyiq altında NATO-ya daxil oldu”.

A.Çepa hesab edir ki, Helsinki hərbi bloka qoşulduqdan sonra Moskva qonşu dövlətlə münasibətlərinə yenidən baxacaq. Onun fikrincə, iqtisadi əməkdaşlıq kəskin şəkildə pisləşəcək.

“Finlandiya hər il ÜDM-in iki və ya üç faizini ABŞ-da istehsal olunan silahların alınmasına xərcləməyə məcbur olarsa, bütün bunlar ölkə daxilindəki vəziyyətə böyük təsir göstərəcək. Ona görə də siyasi vəziyyət gərginləşəcək. Bütün bunlar isə Rusiyaya münasibətdə gərginliyə səbəb olacaq”, - deyə deputat qeyd edib.

“Müəyyən növ silahların yerləşdirilməsi halında biz müvafiq addımlarla cavab verməyə məcbur olacağıq. Nəzərə alsaq ki, Finlandiya Alyansın üzvü deyildi, onun müəyyən silah sistemləri üzərində işləyən təlim keçmiş mütəxəssisləri yoxdur. Bütün bunlar insan riski də daxil olmaqla, bir çox risklərə səbəb olur. Hesab edirəm ki, baş verənlər ciddi münaqişəyə səbəb ola bilər”, - Duma səlahiyyətlisi fikrini tamamlayıb.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə “İzvestiya”ya müsahibəsində bildirib ki, Rusiya ilə NATO arasında silahlı toqquşma təhlükəsi artmaqda davam edir: "Rusiya ilə NATO arasında təmas xəttinin 1200 kilometr artması səbəbindən risklər artır".

Diplomat həmçinin əlavə edib ki, ümumi gərginliyə Baltikyanı regiondakı vəziyyət təsir edir.

Mütəxəssislər isə qeyd edirlər ki, Rusiyanın hədə-qorxuları əbəsdir. Çünki Moskva Ukrayna bataqlığında ikən NATO ilə üz-üzə gəlməkdən çəkinir. Finlandiyanın NATO üzvü kimi təsdiqlənməsi faktı ortadadır və Rusiyadan verilən bəyanatlar mənasız təsir bağışlayır. Ekspertlərin qənaətincə Rusiyanın NATO ilə toqquşması faktiki olaraq Üçüncü Dünya müharibəsi deməkdir.

Müəllif: Turan Abdulla