Dünya koronavirusa qarşı taktikanı dəyişir: <font color=red> QORUNAQ, QAPANMAYAQ</font>

Dünya

11.08.2021 - 17:25

Fərqanə Bayramlı: “Macarıstanda karantin qaydalarını sərtləşdirməyə hazırlaşmırlar”

 

Tofiq Aslanlı: “Rusiyada yoluxma pik həddədir, amma qapanmalar gözlənilmir”

 

Cəsur İsmayılov: “Çin əhali o qədər də məluamtlı deyil, lakin qapanma ehtimalı azdır”

 

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artır. Qarşıdan isə kəskin respirator xəstəliklərin artdığı payız mövsümü gəlir. Bu səbəbdən gələn aydan karantin qaydalarının yenidən sərtləşəcəyi ilə bağlı müzakirələr gündəmə gəlib. “Delta” ştammının sürətlə yayılması fonunda rəsmi şəxslərin, deputatların, ekspertlərin karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı təklifləri də bu xüsusda təsadüfi deyil.

 

Əhalinin koronavirus infeksiyasına qarşı peyvənd olunduğu bir şəraitdə qapanmalara gedilməsi hansı məntiqə əsaslanır? Bu gedişlə bütün ömür boyu qapanmalar tətbiq olunacaq? Beynəlxalq təcrübə bu məsələdə nə deyir?

 

AYNA xaricdə yaşayan soydaşlarımızdan yaşadıqları ölkələrdə pandemiyanın hazırkı durumu və əhalinin payız gözləntiləri ilə bağlı təəssüratlarını öyrənib.

Macarıstanda yaşayan həmyerlimiz, “Vodafone” şirkətinin maliyyə meneceri Fərqanə Bayramlı deyib ki, indiyədək bu ölkə vətəndaşlarının əksəriyyəti koronavirusa qarşı peyvənd olunub: “Bilirsiniz ki, Macarıstan dünyada virusun ən çox yayıldığı ölkələrdən biri idi. Uzun müddət sərt karantin rejimi tətbiq edildi. Əhalinin ictimai yerlərdə maska taxması tələbi vardı. Eyni zamanda, ictimai iaşə obyektləri, kafe və restoranlar, ərzaq və dərman satışından kənar əksər sahələrin fəaliyyəti dayandırılmışdı. Axşam saatlarında isə əhalinin küçəyə çıxışı məhdudlaşdırılmışdı. Bütün bunlar peyvəndə qədər baş verdi. Əhalinin yarıdan çoxu peyvənd olunduqdan sonra qadağalar aradan qalxdı”.

 

Bayramlının sözlərinə görə, Macarıstanda karantin qaydalarını sərtləşdirməyə hazırlaşmırlar: “Burada hesab edirlər ki, kornavirus infeksiyasına qarşı əsas mübarizə peyvəndləmə üzərindən aparılmalıdır. Bu səbəbdən əlavə qapanmalara ehtiyac duymurlar. Karantin qaydalarının yenidən sərtləşdiriləcəyi də gözlənilmir. Bu günə qədər əhalinin mütləq əksəriyyəti peyvənd olunub. Demək olar ki, heç bir məhdudiyyət yoxdur. Müvafiq qurumlar əsas təbliğatı əhalini vaksinasiyaya səfərbər etməyə yönəldib. Qənaət bundan ibarətdir ki, vaksinasiya olunan şəxslərdə yoluxma olarsa belə, xəstəliyi yüngül keçirəcəklər”.

 

Həmsöhbətimiz əlavə edib ki, koronavirusun bitəcəyi tarix bəlli deyil: “Bu səbəbdən sonu görünməyən müddətə qədər qapanmalara getmək anlaşılan deyil”.

Rusiya paytaxtında yaşayan Tofiq Aslanlı bildirib ki, Rusiyada COVID-19-a yoluxma sayı sürətlə artır: “Xüsusən “Delta” ştammının yayılması fonunda həm yoluxanların, həm də ölənlərin sayında ciddi artım var. Hətta deyərdim ki, Rusiya koronavirus dövrünün ən böhranlı mərhələsini yaşayır. Sözsüz ki, baş verənlər hökuməti də hərəkətə gətirib. Müəyyən profilaktik işlər aparılır. Əhalinin vaksinasiyasına ciddi önəm verilir. Bilirsiniz ki, Rusiyanın özü də peyvənd istehsal edir. Yoluxma sayının artmasına görə əhali özü də peyvənd olunmaqda maraqlıdır. Bu səbəbdən tibb müəssisələrində - hansılar ki, əhalinin peyvəndlənməsini həyata keçirir - uzun növbələr yaranıb”.

 

Aslanlının bildirdiyinə görə, yoluxma artsa da, karantin qaydalarının sərtləşdiriləcəyi gözlənilmir: “Düzdür, bununla bağlı müəyyən təkliflər səsləndirilir. Lakin rəsmi dairələr bunu təsdiq etmirlər. Ümumi yanaşma ondan ibarətdir ki, virus uzun illər davam edə bilər. Lakin bu, o demək deyil ki, ömrü boyu qapanmalara gedilməlidir. Qabaqlar koronavirusa qarşı vaksin mövcud deyildi. Bu səbəbdən müəyyən qapanmalar anlaşılan idi. Karantin qaydalarının sərtləşdirilməsi də əsasən buna görə idi. Bu gün isə əhalinin kütləvi şəkildə vaksinasiyası aparılır. Qapanmalara gedilsə belə, bu yalnız peyvənd olunmayan vətəndaşlara şamil oluna bilər”.

 

Soydaşımızın dediyinə görə, Azərbaycanda qapanmaların olacağı barədə məlumatlar onlara da çatır və bundan dərin narahatlıq keçirirlər.

Hazırda Çində olan soydaşımız Cəsur İsmayılov qeyd edib ki, “Delta” ştammı Çində də sürətlə yayılır: “Məlumdur ki, COVID-19 ilk dəfə Çində yayılmağa başlayıb. Uhan şəhərində yerləşən bazarda qeyd alınan yoluxma ilə başlayan virusun sonradan qarşısı müəyyən mənada alındı. Baxmayaraq ki, əhali sayına görə Çin ən böyük dövlətdir və dünya əhalisinin 20 faizi burada yaşayır, yoluxma sayı pik həddə deyildi”.

 

“Son dövrlər ilk dəfə olaraq Hindistanda müşahidə olunan “Delta” ştammı bu ölkədə də görünməyə başlayıb. Əhali kütləvi şəkildə vaksinasiya olunur. Peyvənd istehsalında Çin dünyanın aparıcı dövlətlərindən biridir. İnsanlar özləri də vaksinasiya prosesində fəal iştirak edirlər”, - deyə müsahibimiz söyləyib.

 

İsmayılov onu da qeyd edib ki, Çində qapanmalara gedilib-gedilməcəyi barədə məlumatsızdır: “Nə rəsmi, nə də ictimai müzakirələrdə bunun baş verəcəyinə dair fikirlərə rast gəlirik. Bu barədə geniş Çin ictimaiyyəti məlumatsızdır. Yəqin ki, qapanma olmayacaq. Çünki Çində çoxluq artıq peyvənd olunub. Digər yandan, iqtisadi baxımdan Çin dünyanın müqəddəratını həll edən ölkələrdən biridir. İnanmıram ki, qapanmalara gedilsin. Bu, həm də Çinin iqtisadiyyatına böyük zərbə olar”.

Müəllif: Azər Niftiyev