Dəyənəyin bir ucu Azərbaycana tuşlanıbsa, digər ucu İranın başına dəyəcək

Siyasət

12.07.2020 - 20:17

Bütün faktlar Tehranın Qarabağ məsələsində necə ikiüzlü mövqe tutduğunu sübut edir

 

Azərbaycan-İran münasibətlərində işğal altındakı Xankəndidə İran maşınları ilə yük daşınmasını əks etdirən video üzərindən qalmaqal hələ tam səngiməmiş, cənub qonşumuzun daha bir anlaşılmaz addım ilə qarşı-qarşıya gəldik. İranın Ermənistandakı səfiri Abbas Bədaxşan Zohuri düşmənlərimizin İctimai Televiziyasının efirində Azərbaycanla bağlı təxribatçı açıqlamalar verdi. Aparıcının ona ünvanlanan “İranın Azərbaycandakı səfiri bəzən İranın rəsmi mövqeyindən fərqli fikirlər səsləndirir. İranın rəsmi mövqeyi necədir?” sualını cavablandıran Zohuri, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyni mövqeyinin hər zaman ifadə olunduğunu və bu mövqeyin dəyişmədiyini söylədi.

 

“Əgər fərqli fikirlər söyləyən insanlar varsa, bu, hökumətin rəsmi münasibəti deyil. İranın əvvəlcə tutduğu balanslı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqedə hansısa dəyişiklik olsaydı, İran Xarici İşlər Nazirliyinin sözçüsü vasitəsi ilə təqdim edilərdi. Gördüyünz kimi, mövqeyimizdə heç bir dəyişiklik yoxdur", - deyə səfir bildirdi.

 

Bu açıqlama İranın ikisifətli olduğunu göstərir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qətnamələri çərçivəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını tanıyan bu ölkə, eyni zamanda bu məsələyə dair öz konkret mövqeyini bildirmir və Ermənistan KİV-lərinin yazdıqlarına inansaq, Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağsız tanıyır.

 

Keçən il erməni təbliğat maşınında İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Hüseyni Bagerinin Bakıya səfəri zamanı Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söylədiyi sözləri ciddi narahatlıq doğurmuşdu. Bununla əlaqədar, Ermənistan Müdafiə Nazirliyinin Müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan İrəvandakı İran səfirliyinin hərbi attaşesi Mehdi Vedjdani ilə görüşərək Bagerinin Bakı səfərini müzakirə etmişdi. Vedjdani erməni rəsmisini "İranın Qarabağ məsələsində rəsmi mövqeyində heç bir dəyişikliyin olmamasına" əmin etmişdi.

 

"Hərbi attaşe İranın Qarabağ nizamlanması məsələsində balanslı mövqeyini təsdiqlədi və bu mövqenin heç bir dəyişikliyə məruz qalmadığını, KİV-lərdəki məlumatlar və şərhlərdə rəsmi Tehranın mövqeyinin təhrif edildiyini bildirdi", - Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilirdi.

 

Bu mesajdan belə bir nəticəyə gəlmək olar ki, Ermənistan hakimiyyəti ilə kulis arxasında gedən söhbətlərdə İran rəsmiləri faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma "DQR"i tanıyırlar.

 

Müstəqilliyini bərpa etdikdən bəri İranın Azərbaycana qarşı mövqeyi ölkənin maksimum dərəcədə zəiflədilməsindən ibarət olub. Çünki güclü və inkişaf etmiş Azərbaycanı mollakratiya rejimi özünə təhlükə hesab edir. Buna görə də Azərbaycanın inkişafına mane olan bir vasitə olaraq, mollakratlar Dağlıq Qarabağ münaqişəsinin dondurulmasından və Ermənistanın iddialarına qeyri-rəsmi dəstək verilməsindən faydalanırlar.

 

Azərbaycanda İran diplomatları Qarabağ müharibəsi zamanı İran vətəndaşlarının azərbaycanlılarla yanaşı erməni işğalçıları ilə vuruşduqları barədə nağıllar danışır, amma ortada olan faktlar bunun əksini göstərir. Belə ki, bu ilin yanvar ayında İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra bir sıra erməni ekspertlər Qarabağ müharibəsində onun rolunu xatırlatdılar.

 

Xüsusilə, iranşünas Qaqik Misakyan qeyd edirdi ki, "Süleymani hər vasitə ilə azərbaycanlılara mane olur və pantürkistlərin Qarabağ məsələsindəki planlarının həyata keçirilməsinə mane olmaq üçün ermənilərə dəstək verirdi”. Misakyanın sözlərini faktiki olaraq, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının keçmiş komandiri Fəhmin Hacıyev də təsdiq edib. Mətbuata verdiyi açıqlamada, o deyib ki, Qarabağ müharibəsi zamanı Süleymani müharibə bölgəsindən kəşfiyyat məlumatlarının Ermənistan tərəfinə ötürülməsi üzərində işləyib. Bu detallar İranın Qarabağ məsələsində necə ikiüzlü mövqe tutmasını bir daha sübut edir.

 

Təbii ki, bu faktor bir tərəfdən İrəvandakı həmkarının işğalçılarla görüşdüyü bir vaxtda, İranın Azərbaycandakı səfirinin Qarabağla bağlı verdiyi açıqlamalarla arxayınlaşdırmaq istədiyi Azərbaycan hakimiyyətinin diqqətindən yayınmır. Unutmayaq ki, dəyənəyin iki ucu var. Və günlərin bir günündə İranın Azərbaycana göstərdiyi mövqeyə bənzər bir münasibətlə rəsmi Tehran özü üzbəüz qala bilər.

Müəllif: Asif Aydınlı