Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə olunub
Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə artırılır. AYNA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Gəmilərdən də zibil və başqa predmetlər atmağa görə cərimə artırılır. Bu, iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, gəmilərdən zibil və başqa predmetlər atmağa görə otuz manat məbləğində cərimə edilir. Layihəyə əsasən, gəmilərdən tullantı və başqa predmetlər atmağa görə üç yüz manat məbləğində cərimə ediləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
İclasda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləğinin kəskin artırılması təklif edilib. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.
Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək cərimə tətbiq olunacaq
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.