Nümayişçilər şəhərin əsas küçələrindən biri olan Miçiqan prospekti ilə Miçiqan gölünün sahilindəki Qrand Parka doğru gediblər
ABŞ Demokratlar Partiyasının bu gün Çikaqoda başlayan qurultayından əvvəl şəhərin mərkəzində Fələstin tərəfdarı mitinq keçirib. AYNA xarici mediaya istinadən bildirir ki, mitinqdə yüzlərlə adam iştirak edib.
Nümayişçilər şəhərin əsas küçələrindən biri olan Miçiqan prospekti ilə Miçiqan gölünün sahilindəki Qrand Parka doğru gediblər. Bir çoxları “İsrailə silah tədarükünü dayandırın”, “Qəzzada soyqırımı dayandırın” və “Qəzzanın blokadasına son qoyun” şüarları yazılmış plakatlar qaldırıb.
Etirazçılar, xüsusən də İsrailin Baş naziri Benyamin Netanyahunu anklav sakinlərinə qarşı soyqırımda, ABŞ Prezidenti Co Baydeni isə ona kömək etməkdə ittiham ediblər.
Nümayiş zamanı təhlükəsizliyi yüzdən çox hüquq-mühafizə orqanı əməkdaşı təmin edib. Onlar Miçiqan prospekti yaxınlığında bir neçə küçəni bağlayıblar.
Bəzi ictimai təşkilatlar, o cümlədən Fələstin tərəfdarları Demokratlar Partiyasının qurultayı zamanı nümayişlər keçirməyi planlaşdırdıqlarını açıqlayıblar.
Qeyd edək ki, 19-22 avqustda keçiriləcək Demokratlar Partiyasının Milli Qurultayında ABŞ-ın vitse-prezidenti Kamala Harrisin noyabrda keçiriləcək seçkilərdə ölkənin ən yüksək vəzifəsinə namizədliyini irəli sürməyə rəsmi razılıq verəcəyi gözlənilir.