Daxili istehsalda “artım” - 7 ay ərzində cəmi 1 zavod

İqtisadiyyat

27.09.2023 - 18:05

Deputat: “Daxili istehsalın artırılması inflyasiyanın təsirlərini azaltmaq üçün effektiv üsuldur”

İqtisadçı: “Yerli istehsalı artırmaqla yanaşı, daxilin istehsalın keyfiyyətinə inamı da artırmaq vacibdir”

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binaları, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, “Şimal” Kiçik Su Elektrik Stansiyası və “Diamed” dərman istehsalı zavodu istifadəyə verilib.

Qeyd edək ki, Azərbaycanda yerli istehsalın artırılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı müzakirələr uzun illərdir davam edir. Həm hökumət nümayəndələri, həm də müstəqil iqtisadçılar daxili istehsalın artırılmasının vacib olduğunu bəyan edirlər.

Ərzaq təhlükəsizliyinin və ərzaq təminatının gücləndirilməsi, dövlət dəstəyinin bu istiqamətdə artırılması və daha çox subsidiyaların ayrılması ilə bağlı davamlı təkliflər səslənsə də, görünən odur ki, Azərbaycan hökuməti yerli istehsal müəssisələrinin sayının çoxaldılması istiqamətində aktiv fəaliyyət göstərmir. Son 7 ay ərzində cəmi bir iri istehsal müəssisəsinin istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Görəsən, hökumət yerli istehsalın artırılması istiqamətində konkret fəaliyyətə niyə keçmir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, ərzaq təhlükəsizliyinin gücləndirilməsi ölkəmiz üçün prioritet istiqamətlərdən biridir: “Ölkəyə qida məhsullarının yarıdan çoxu xaricdən idxal olunur. Hansı ki, Azərbaycanda bu məhsulları istehsal etmək üçün kifayət qədər münbit şərait mövcuddur. Sistemli şəkildə ərzaq təminatının formalaşmasına ünvanlanan yeni proqramların qəbul edilməsinə ehtiyac var”.

“Koronavirus pandemiyası və dünya miqyasında baş verən iqtisadi böhranlar göstərdi ki, dövlətlər daxili istehsalı gücləndirmək istiqamətində səylərini artırmalıdır. Təkcə ərzaq sektorunda deyil, digər sahələrdə də yerli istehsal müəssisələrinin sayı artırılmalıdır. Bakıda dərman istehsalı zavodunun istifadə verilməsi mütərəqqi addımdır. Hesab edirəm ki, bu siyasət davam etməlidir”, - deyə deputat bildirib.

Əlavə edib ki, daxili istehsalın artırılması inflyasiyanın təsirlərini azaltmaq üçün də effektiv üsuldur: “İnflyasiyanın cilovlanması üçün strateji yol yerli istehsalın ümumi istehlakda payını artırmaqdır. Etiraf etmək lazımdır ki, bu yöndə mühüm addımlar atılır. Lakin bununla kifayətlənmək olmaz. Porses davam etməli və dövlət yardımları çoxalmalıdır”.

“Bununla yanaşı, çox vəsaitin yönəldilməsi, eləcə də, bank kreditlərinə çıxış imkanlarının artırılması istiqamətində regionlar üçün girov mexanizminin təkmilləşdirilməsi vacibdir. Sahibkarlara güzəştli kreditlərin verilməsi də bu sırada yer alır. Yeni təşviq alətlərinin istifadə edilməsinə, subsidiyanın baza məbləğinin artırılmasına ehtiyac var. Bütün bu işlər sistemli şəkildə həyata keçirilməlidir və heç şübhəsiz ki, zaman alacaq”, - deyə Bayramov vurğulayıb.

İqtisadçı ekspert Natiq Cəfərli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, yerli istehsalı artırmaqla yanaşı, daxili istehsalın keyfiyyətinə olan inamı da artırmaq vacibdir: “Misal üçün, uzun müddət idi ki, Azərbaycanda dərman zavodunun istifadəyə verilməsi ilə bağlı müzakirələr aparılırdı. Bir ara təşəbbüs irəli sürüldü ki, Rusiya və İran şirkətləri ilə birgə Azərbaycanda dərman istehsalı üçün müəssisə yaradılsın. Bu məqsədlə vəsait də ayrıldı. Lakin bu layihə baş tutmadı”.

“Burada əsas səbəb elmi bazanın olmaması ilə bağlıdır. Çünki bu sahədə fəaliyyət göstərmək üçün əvvəlcə xammalı təşkil edən molekulun isstehsal olunmasına ehtiyac var. Bu da olmadığına görə istehlakçılar arasında ölkədə istehsal olunan dərmanların keyfiyyətinə inam azdır. Lakin bütün hallarda dərman zavodu istifadəyə verilib və bu, digər sahələrdə də davam etməlidir”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Onun sözlərinə görə, istehsalatda artım olmadığına görə ölkəyə idxal olunan məhsulların sayı da çoxalır: “Çox təəssüf ki, rəsmi statistika hökumətin əlindədir və bir çox hallarda elan olunan rəqəmlər reallığı ehtiva etmir. Azərbaycanda ən böyük problemlərdən biri alternativ statistik bazanın yaradılmasıdır ki, bu tip məlumatlar ortaya çıxarkən onu dəqiqləşdirmək, ölçmək mümkün olsun. Bu yoxdur və olmadığına görə, rəqəmlərlə bağlı qəti fikirlər bildirmək də mümkün olmur”.

“Daxili istehsalı təşviq etməkdən ötrü sahibkarlara güzəştli kreditlər verilməlidir. Elə sahələr var ki, orada beş il sonra bəhrə götürmək lazımdır. Sahibkar isə bu müddətdə kredit ödəyir. Burada hansı mənfətdən, yerli istehsalın artırılmasından danışmaq olar ki?! Görüləsi işlər hələ çoxdur və hökumət real olaraq sahibkarlığın inkişafına töhfə verməlidir”, - deyə Cəfərli fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev