Daxili İşlər Nazirliyi videogörüntü yaydı: <font color=red> Qadın polisi döyür, şüşələri sındırır</font>

Hadisə

09.07.2019 - 17:16

Faktla bağlı toplanmış materiallar Xətai Rayon Prokurorluğuna göndərilib

 

Dünən sosial şəbəkədə Xətai rayonu 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı xəbər və görüntü yayılıb. Lakin Daxili İşlər Nazirliyi (DİN) hadisənin sosial şəbəkə üzvləri tərəfindən təqdim edildiyi kimi olmadığını bəyan edir.

 

DİN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Xətai rayonunda yaşayan Arzu Əliyevanın, oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddialları həqiqəti əks etdirmir və baş verənləri gizlətmək məqsədi daşıyır.

 

Nazirlikdən bildirilib ki, iyulun 6-da A.Əliyevanın oğlu, 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli şəxs kimi Xətai RPİ 36-cı Polis Bölməsinə gətirilib: “Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilib. Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş C.Cahangirovun anası, 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan A.Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib, həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirməklə bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib. Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib və qol saatını sındırıb. Faktla bağlı toplanmış materiallar Xətai Rayon Prokurorluğuna göndərilib”.

 

Qeyd edək ki, oğurluqda şübhəli bilinən Q.Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir.

 

DİN baş verənləri əks etdirən videogörüntü də yayıb.

Müəllif: Ayna.az