"Məlumatlar gələcəkdə dayanıqlı, açıq və hamı üçün ödənişsiz olmalıdır"
"Məlumatlar gələcəkdə dayanıqlı, açıq və hamı üçün ödənişsiz olmalıdır". AYNA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Fövqəladə Halların Riskinin İdarə Edilməsi bölməsinin rəhbəri Tom De Qruv Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "Davamlı şəhər böyüməsi üçün geoməkan kəşfiyyatı: mənzil tikintisinin iqtisadi potensialının açılması" mövzusunda sessiyada deyib.
O bildirib ki, bu istiqamətdə Avropa Komissiyası və Avropa Kosmik Agentliyi tərəfindən həyata keçirilən "Copernicus" proqramı mühüm rol oynayır.
"Proqramın məqsədi peyk məlumatları əsasında ictimai istifadə üçün açıq xidmətlər təqdim etməkdir. Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzində bu xidmətlərdən biri olan Fövqəladə Halların İdarə Edilməsi Xidmətini həyata keçiririk. Şəhər məlumatları ilə bağlı aparılan işlər də bu xidmətin bir hissəsidir", - deyə o qeyd edib.
Tom De Qrov vurğulayıb ki, məlumatlar kifayət qədər inkişaf etdikdə və geniş istifadəçi bazası formalaşdıqda, onların "Copernicus" proqramı çərçivəsində davamlı xidmət kimi təqdim edilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, məlumatlar həm qərarların qəbulu, həm də siyasətin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
"Biz tədqiqat təşkilatı olaraq yalnız məlumat istehsal etmirik, eyni zamanda onları siyasət üçün faydalı hala gətirməyə çalışırıq. Elm və məlumatların siyasətə xidmət etməsi bizim əsas missiyamızdır", - deyə Avropa Komissiyasının nümayəndəsi əlavə edib.