Koronavirus təhlükəsi bitməmiş yeni virusun yayıldığı bildirilir
Koronavirus epidemiyasının bütün dünyanı qorxuya saldığı bir vaxtda, Kolumbiyada başqa bir virusun aşkarlanması ilə bağlı xəbərlər yayılıb. AYNA xarici mətbuata istiandən xəbər verir ki, hələlik mənşəyi müəyyənləşməyən epidemiya səbəbindən 6 gün ərzində 6 uşaq dünyasını dəyişib.
Kolumbiya Səhiyyə Nazirliyi 23 yanvar tarixindən bəri ölkənin şimal-qərbində yerləşən Çok əyalətində yeni virus səbəbindən 6 uşağın öldüyünü, 60-dan çox insanın isə xəstəliyə yoluxduğunu təsdiqləyib.
Yeni epidemiyanın səbəbi, hələlik məlum olmasa da, Kolumbiya Səhiyyə Nazirliyi Çok əyalətindəki yerli xəstəxanalarda vəziyyətin nəzarətdə saxlanıldığını, Milli Səhiyyə İnstitutunun isə davamlı koordinasiya üçün əməliyyatlara davam etdiyini bildirib.
Kolumbiya Vounaan Xalq Şurasının nümayəndəsi Orlando Moya da yerli mətbuata epidemiya ilə bağlı açıqlama verib: “Sözügedən epidemiya 10 yaşından kiçik uşaqlarda qızdırma, qusma və ishal yaradır və nəticədə uşaqlar dünyasını dəyişir. Lakin heç kim bunun səbəbini bizə izah etmir”.
Səhiyyə Nazirliyinin Çok əyaləti üzrə nümayəndəsi Karlos Tirso Murillo xəstəlik haqqında dəqiq məlumat verməsə də, təmiz suyun olmaması səbəbiylə xəstəliyin kəskin ishala səbəb ola biləcəyini ifadə edib.