“Çiy” sənədin fəsadları: kapitulyant ölkə silahlanır və aqressivləşir

Siyasət

26.02.2024 - 10:18

Aqressiv qonşusu olan Azərbaycan sadəcə olaraq silahlanmağa borcludur

İstər Ermənistan-Azərbaycan şərti sərhədində, istərsə də Ermənistanın özündə baş verən proseslər böyük narahatlıq doğurur. İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan, əslində dünyada adətən olduğu kimi, məğlub olan düşmənin tamamilə tərksilah edilməsini, üstəlik, gələcəkdə qonşularını təhdid edə biləcək orduya və silahlara malik olmağın müəyyən müddətə qadağan edilməsini gözləyirdi. Məsələn, İkinci Dünya müharibəsini açan nasist Almaniyası ilə bağlı vəziyyət belə idi.

Noyabrın 9-dan 10-na keçən gecə üçüncü tərəfin - Rusiya Federasiyası Prezidentinin iştirakı ilə müharibə aparan dövlətlərin - Azərbaycan və Ermənistanın liderləri tərəfindən imzalanan Üçtərəfli Birgə Bəyanatın  mahiyyət etibarı ilə 44 günlük müharibədə məğlub olan təcavüzkarın kapitulyasiyası ilə  bağlı razılaşma olduğuna heç bir şübhə yoxdur.

Kapitulyasiya nə deməkdir - uduzan tərəfin qüvvələri tərəfindən müqavimətin tam və qəti şəkildə dayandırılması, o cümlədən döyüş, təxribat, kəşfiyyat hərəkətlərinin dayandırılması, uduzan tərəfin silahlı qüvvələrinin, texnikasının və əmlakının təslim edilməsi, yəni tam tərksilah. Üstəlik, uzun, razılaşdırılmış müddət ərzində orduya malik olmanın qadağan edilməsi ilə.

Almaniya Birinci Dünya müharibəsində məğlub olduqdan sonra Versal müqaviləsinə əsasən onun tam orduya, ağır artilleriyaya, tank qoşunlarına və hava qüvvələrinə malik olması qadağan edilmişdi. Və yalnız 1936-cı ildə Adolf Hitlerə 800 min nəfərlik nizami ordunun olmasına, 1500 tank və 4500 təyyarə saxlamasına icazəsi verildi. Ancaq göründüyü kimi, onlar səhv etdilər - cəmi üç ildən sonra Alman ordusunda dörd milyondan çox əsgər var idi. Hitler Avropanın ən güclü ordusunu yaratdı və onunla Şərqə getdi.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Almaniyaya hər hansı məqsədlə tam hüquqlu orduya sahib olmaq yenidən qadağan edildi. 1955-ci ildə Almaniya öz suverenliyini bərpa etdi və Böyük Britaniya, Fransa və ABŞ-ın təsdiqi ilə müdafiə üçün qoşunlar hüququnu aldı. 1994-cü ilə qədər Almaniyada ordunun ölkə ərazilərindən kənarda əməliyyatlara qadağası var idi. Və yalnız Rusiyanın Ukraynanı işğal etməsindən və Avropa ölkələrinə təhdidlərdən sonra NATO üzvü olan Almaniya hərbi sənaye kompleksini inkişaf etdirməyə başladı. Eyni şey Yaponiyaya da şamil edildi - İkinci Dünya müharibəsində məğlub olduqdan sonra Yaponiya İmperator Ordusu ləğv edildi, hərbi fabriklər və təhsil müəssisələri bağlandı. İşğal hakimiyyəti hətta döyüş sənətini qadağan etdi; 1953-cü ilə qədər davam edən Yapon qılınclarının istehsalına da qadağa qoyuldu.

Lakin Rusiya tərəfinin tələsik və öz məqsədləri üçün hazırladığı Üçtərəfli Birgə Bəyanat lap əvvəldən “çiy” idi və Xankəndiyə yaxınlaşan Azərbaycan Ordusunun dayandırılması ilə yanaşı, oraya eyni vaxtda qondarma sülhməramlı kontingentin yeridilməsi məqsədi güdürdü. Belə ki, Ermənistan ordusunun kapitulyasiyası həmin anda baş vermədi və müqavilənin bəndləri tam olaraq deyil, böyük gecikmələrlə yerinə yetirildi. Ermənistan silahlı qüvvələrinin qalıqları cəmi 4-5 ay əvvəl ərazidən tam çıxarıldı. Buna görə də hələ də böyük sülh müqaviləsi imzalana bilmir.

Nəticədə, hələ də həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyən, fundamental normativ sənədlər səviyyəsində məğlub olmuş işğalçı ölkə üç ildən sonra fəal şəkildə silahlanmağa başlayıb, Azərbaycanın Ermənistan ərazisinə ehtimal olunan iddiaları ilə dünyanı qorxuya salmağa çalışır.

Təəssüf ki, bəzi dövlətlər bu təxribatçı bəyanatlara boyun əyirlər və bu həm də Ermənistan rəhbərliyi ilə Rusiya rəhbərliyi arasında qeyri-bərabər münasibətlərdən irəli gəlir. Rusiya bütün gücü və vasitələri ilə İrəvanı öz təsir zonasında saxlamağa çalışır, bəzən bunun üçün Azərbaycan amilindən də istifadə etməkdən çəkinmir.

Fransalı qonaqlar Ermənistana səfərlərini davam etdirirlər. Bir neçə gün əvvəl müdafiə naziri Sebastyan Lekornyu hərbi hədiyyələrlə gəldi və bundan sonra Fransanın Ermənistanda daimi hərbi müşaviri olacağını da açıqladı. Lekarnyu bildirib ki, Fransa Ermənistana qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə sistemləri, zenit raketləri, “Bastion” zirehli texnikası və 250 kilometrə qədər ərazini skan edə bilən radiolokasiya stansiyaları verəcək və onları müdafiə avadanlığı adlandıracaq.  Üstəlik, fransalı təlimatçılar Ermənistanda dağlıq şəraitdə döyüşməyə qadir olan qoşunlara təlim keçir. Unutmayaq ki, Hindistan da Ermənistana külli miqdarda silah verir.

Bu arada sözdə sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarı olan Baş nazir Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində Fransa ictimaiyyətini Azərbaycana qarşı qoyur və bütün ciddiliyi ilə bəyan edir ki, Bakı yeni müharibəyə hazırlaşır. “Bakı bugünkü Ermənistanı “Qərbi Azərbaycan” hesab edir”. O, bunu qonşulara qarşı ərazi iddialarının bizim deyil, Ermənistan Konstitusiyasında olduğuna rəğmən deyir.

Fransanın ölkəsinə hərbi yardım göstərməsinə haqq qazandıran Baş nazir öz silahlarına “milyardlarla avro” xərcləyən Azərbaycanı səbəb kimi göstərir.

Sual olunur ki, 20 ildir əraziləri Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan daha nə edə bilər? Təbii ki, yanında uduzan, lakin yenə də aqressiv qonşusu olan Azərbaycan sadəcə olaraq silahlanmağa borcludur və özünə qarşı təkrar təcavüzün qarşısını almaq üçün qabaqlayıcı zərbə kimi bütün təhlükə mənbələrini hətta aradan qaldırmaq hüququnu özündə saxlayır.

Digər narahatlıq doğuran məqam Paşinyanın KTMT-dən çıxmaq planları və Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsidir. Rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markovun “Telegram” kanalında proqnozlaşdırdığı kimi, baza bağlansa və fransızlarla əvəzlənsə,  “Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas dostuna çevriləcək”.

Burada “Allahım, məni dostlarımdan qoru, düşmənlərimin öhdəsindən özüm gələrəm”dən başqa nə deyə bilərik? Doğrudanmı Qarabağdakı “sülhməramlı kontingent” hərbi bazaya çevrilir?

Müəllif: Mira Həsənova