Çin Ukraynanı Belarusa dəyişib

Dünya

24.08.2021 - 16:21

Pekinlə Minski insan haqlarına, demokratiyaya və dünyadakı hadisələrə baxışları birləşdirir

 

Çin bazarlar və investisiyalar axtarışında vaxtilə Ukraynaya da maraq göstərib. Ukraynada da dəyişən hakimiyyətlər Çinlə əməkdaşlıqda maraqlı olublar. Çin indinin özündə Ukraynadan müxtəlif kənd təssərrüfatı məhsulları alır. Ancaq iqtisadi əlaqələrə siyasət və xəfiyyə qalmaqalları təsir edib.

 

Ukrayna Çinin daxili işlərinə qarışmasa da, başda ABŞ olmaqla Avropa ölkələrinin Çində uyğurlara qarşı edilən zülmünə seyrçi qala bilmədi və Kiyev müxtəlif beynəlxalq sənədlərdə bu məsələdə Vaşinqton və Brüssellə eyni mövqedən çıxış etdi. Pekin bir ara hətta bu mövqeyinə görə Kiyevə vaksin göndərməyəcəyini elan etmişdi.

 

İki ölkə arasında münsibətlərə mənfi təsir edən əsas olay isə Ukraynada mühərrik istehsal edən zavod ətrafında olub. SSRİ illərindən həmin zavodda təyyarə və helikopterlər üçün mühərriklər istehsal edilib. SSRİ dağıldıqdan sonra mühərrik istehsal edən zavodun məhsulları Rusiyaya satılıb. Ancaq 2014-cü ildə Maydan hadisələrindən sonra Ukrayna-Rusiya iqtisadi əlaqələri zəiflədi və zavod dayanmaq təhlükəsi qarşısında qaldı. Qərb ölkələrinin həmin zavodun mühərriklərinə ehtiyacı yox idi. Təklif uzaq Çindən gəldi. Çinin “Beijing Skyrizon Aviation Industry Investment” şirkəti zavonu səhmlərinin 76 faizinə sahibləndi. Kiyev bu izdivacı dəstəklədi. Ancaq bundan sonra qalmaqal yaşandı. Zavodun ukraynalı rəhbərinə qarşı cinayət işi açıldı. Bəlli oldu ki, zavod direktoru raket və mühərriik texnologiyalarını Çin kəşfiyyatına satırmış.

 

Gələn xəbərlərə görə işin içində ABŞ da var idi. Vaşinqton Ukraynanın hərbi texnologiyalarının Çinə satılmasının əleyhinəydi. Dgirə tərəfdən Amerika Ukrayna zavodunun səhmlərinə nəzarət edən Çin şirkətinə qarşı sanksiyaların tətbiqini elan etdi. Kiyev bu məsələdə Vaşinqtonun məsləhətini eşitdi. Bu isə Pekinin xətrinə dəydi. Çin şirkəti nəinki Ukrayna zavodundakı səhmlərini itirdi, Amerika ilə yanaşı, Kiyevin sanksiyalarıyla da üz-üzə qaldı.

 

Buna baxmayaraq, Pekinin Ukrayna iqtisadiyyatının başqa sahələrinə marağı azalmadı. Əlbəttə, Çin üçün investisiya siyahısında ilk yerdə Mərkəzi Asiya ölkələri gəlir. Ancaq Pekin keçmiş SSRİ-nin digər ölkələrini də unutmur.

 

Çin fərqli strategiyası var. Pekin əgər bir ölkədən iqtisadi zəmində istədiyini əldə edə bilmirsə, həmin ölkənin hərbi sənayesindən yararlanmağa çalışır. Pekin SSRİ dağıldıqdan sonra Ukraynadan köhnə silahları almağa başladı. Ukrayna hətta 1998-ci ildə Çinə təyyarə daşıyan hərbi gəmi satıb. Köhnə hərbi texnika Çinin nəyinə lazım idi? Məsələ burasındadır ki, Pekin aldığı silahlar və hərbi gəminin əsasında özü eyni tip hərbi texnika istehsal etməyə başladı.

 

Kiyev bir ara Çinə Ukrayna ərazisindən istifadə etməyi təklif etdi ki, mallarının bu yolla da Avropaya daşısın. Ancaq Pekini Ukraynadakı hadisələr qorxutdu və Çin tranzit üçün Belarusu seçdi. Kiyevdən fərqli olaraq Pekinlə Minski insan haqlarına, demokratiyaya və dünyadakı hadisələrə baxışları birləşdirir. 

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi